AZ

Vətəndaş müharibəsində öldüyünü düşünülən şəxs27 ildən sonra ortaya çıxdı - “Mənə cadu etdi”

27 il əvvəl cəmi 17 yaşındaykən yoxa çıxan və öldüyü güman edilən Ömər Bin Omran qonşusunun evindəki saman yığınlarının altındakı çuxurdan tapılıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əlcəzairdə baş verən hadisədə Ömərin ailəsi oğullarının şəhərdə üsyançı qruplar arasında gedən vətəndaş müharibəsi zamanı öldüyünü düşünüb. Mayın 12-də polisin keçirdiyi əməliyyatla illərini əsirlikdə keçirən bədbəxt şəxs azad edilib. Öməri qaçıraraq 27 il zirzəmisində saxladığı düşünülən şübhəli isə nəzarətə götürülüb. Yerli mətbuatda yayılan xəbərlərdə 61 yaşlı şübhəlinin tək yaşadığı və dövlət qulluqçusu işlədiyi bildirilib. Şahidlərin Əlcəzair televiziyasına verdiyi məlumata görə, kişi müntəzəm olaraq 2 nəfər üçün kifayət edəcək qədər yemək alıb. Ömər 1998-ci ildə, orta məktəbdə oxuyarkən yoxa çıxanda ailəsi və təhlükəsizlik qüvvələri onu tapmaq üçün səfərbər olub. Amma həqiqət onların qonşusunun evində, cəmi 200 metr aralıda gizliydi. İti Ömər yoxa çıxdıqdan sonra şübhəlinin evinin qarşısında günlərlə gözləyib. Tutulmaqdan qorxan kişi iti zəhərləyərək öldürüb. Son zamanlar şübhəli ilə qardaşı arasında miras davası olub. Mübahisədən sonra qardaşı sosial şəbəkə hesabında həmin şəxsin adam oğurluğunda əli olduğu barədə paylaşımlar edib. Ömərin ailəsi postları görəndə polisə xəbər verib. Evinə basqın edilən şəxs qaçmağa çalışsa da, tutulub. Sosial şəbəkələrdə yayılan görüntülərdə 45 yaşlı qurbanın qonşusunun zirzəmisində samanla əhatə olunmuş çuxurda oturduğu görünüb. Respublika Prokurorluğu zərərçəkmişin tibbi və psixoloji müalicə almasına qərar verib. Ömər polisə verdiyi ilk ifadəsində 61 yaşlı şübhəlinin ona tilsim etdiyini deyib. O, ailə üzvlərini pəncərədən gördüyünü, lakin onları çağırmadığını və heç kimdən kömək istəyə bilmədiyi üçün kişinin əlindən qaça bilməyəcəyini söyləyib. Qeyd edək ki, Ömərin anası 2013-cü ildə oğlu ilə son dəfə görüşə bilmədən vəfat edib. Məlumatlara görə, Ömərə anasının ölümü əsirlikdə olarkən xəbər verilib. Məsələ ilə bağlı  Əlcəzair Ədliyyə Nazirliyi tərəfindən araşdırmanın davam etdirildiyi bildirilib. Əfsanə Rəcəb Manşet.az  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
manset.az

2Mənbələr