AZ

"Turan Tovuz" klubunun baş məşqçisi: Ən yaxşı cavabı Niderlanddan aldıq

Bir neçə ölkəyə müraciət ünvanlamışdıq. Ən yaxşı cavabı Niderlanddan aldıq.

Bunu “Report”a açıqlamasında ”Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov deyib.

O, 4 gün ərzində təcrübə keçdikləri Niderland səfərindən danışıb: “Belə səfərlər təcrübə toplamaq baxımından olduqca önəmlidir. Bu mövsüm Azərbaycan Premyer Liqası gərgin mübarizə şəraitində keçdiyi üçün səfər barədə fikirləşməyə vaxtımız olmamışdı. Xaricə yollanmaq üçün bir neçə ölkəyə müraciət ünvanlamışdıq. Ən yaxşı cavabı Niderlanddan aldıq. Mən həmişə bu ölkənin futbol fəlsəfəsini sevmişəm. Onların akademiyalarında yetişən futbolçular hər zaman klubların əsas heyətində və milli komandada çıxış ediblər. Səfərimiz çox səmərəli keçdi. PSV və "Feyenoord" komandalarının bazasında olduq. Onlar bizi çox isti qarşıladılar. Bundan başqa, "Utrext" komandasının hazırlıqlarını izlədik və klubun məşqçisi ilə 1 saata yaxın söhbət etdik. 9 il öncə bu ölkədə olmuşdum. Mənə Niderlandda nələrin dəyişdiyi maraqlı idi. Adını çəkdiyimiz hər üç klubda çox dəyişikliklər gördüm. Bazaları böyüyüb, məşq meydançalarının sayı çoxalıb. Bu, bizə bir daha öyrətdi ki, dayanmaq olmaz, daim inkişafda olmaq lazımdır. 2024/2025 mövsümünün sonunda yenə bu cür səfərlər edəcəyik. İstəyimiz Avropanın aparıcı klublarının bazasına baş çəkməkdir”.

42 yaşlı mütəxəssis təəccübləndiyi məqmlardan söz açıb: “Onların futbola baxış tərzi məni çox təəccübləndirdi. Hansısa ən xırda detal futbolçunun inkişafına təkan verəcəksə, ona belə fikir verirlər. Texnologiya baxımından çox irəlidədirlər və hər bir şəraitləri var. Futbolçularının düşüncə tərzləri də bizim oyunçulardan fərqlənir. 8-13 yaş aralığında futbolçulara çox önəm verirlər. Məqsədləri akademiyalarında yetişdirdikləri futbolçuları əsas milliyə cəlb etmək və böyük klublara satmaqdır. Aşağı yaş qrupları üzrə komandalarda və akademiyada yetişən hər bir futbolçu əsas komandaya çox yaxın olurlar. Bu metodları dərindən öyrənib, Azərbaycanda tədbiq etmək yaxşı olardı. Futbolumuzun inkişafını istəyiriksə, burada olan şəraitin 30-40 faizini ölkəmizdə yaratmalıyıq. Hətta deyə bilərəm ki, onların suni örtüklü meydanları bizimkilərdən çox-çox fərqlidir. Olduqca müasirdir və təbii qazondan az seçilir. Halbuki bizim suni örtüklərimiz bir ildən sonra öz keyfiyyətini itirir. Belə məqamları görüb, təəccüblənməmək mümkün deyil”.

A.Abbasov PSV klubunun akademiyasının direktoru ilə dialoqları barədə danışıb: “Akademiyanın rəhbəri bildirdi ki, orada 100 uşaqdan 70-i futbolçu olur. 30 nəfər əsas komandaya qədər yüksələ bilir, 40 futbolçu isə digər klublara gedir. Bu göstəricidən narazı olduqlarını söylədilər. Halbuki bu, Azərbaycan klubları üçün möhtəşəm göstərici sayılardı”.

“Turan Tovuz”un baş məşqçisi Niderlanddan futbolçu transfer etmək barədə düşünmədiklərini bildirib: “Ora futbolçu bəyənib, transfer etmək niyyəti ilə getməmişdik. Nəzərə almaq lazımdır ki, Niderland çempionatından Azərbaycan Premyer Liqasına futbolçu gətirmək çətindir. Maddi cəhətdən də bunu qarşılamaq asan deyil”.

Qeyd edək ki, Ayxan Abbasovla yanaşı, "Turan Tovuz" klubunun İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, köməkçi məşqçi Elnur Çodarov və akademiyanın koordinatoru Rasim Əliyev də Niderlandda səfərdə olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
report.az

10Mənbələr