AZ

Özünə rəva görmədiyini başqasına rəva görəndə... – Fransanın Kaledoniya müşkülü

 

Fransanın Yeni Kaledoniyada fövqəladə vəziyyət elan etməsi gözlənilən idi. Neçə vaxtdır adada siyasi sabitlik pozulub, müstəqillik uğrunda mübarizə aparan xalq etiraz aksiyaları keçirir.

Fransa özündən 10 min kilometrlərlə uzaqda, necə deyərlər, dünyanın o başında olan bu müstəmləkəsini əsarətdə saxlamağı üstün tutur. Bu, onun əlində-ovcunda qlan sonuncu müstəmləkələrdən biridir. Ona görə də Fransa bu günlərdə hərbi bazasının yerləşdiyi adaya əlavə polis qüvvələri göndərib və cəza tədbirləri həyata keçirib: 82 nəfər həbs edilib.

Fransa Amerika, Asiya, Afrika kimi qitələrdə, Mərkəzi Amerikaya aid arxipelaqlarda, Sakit okeandakı adalarda çoxsaylı koloniyalara malik olub, bir zamanlar bütün Avropanı əsarət altına almaq istəyib, Moskvaya gəlib, Madridə, Skandinaviyaya gedib, İtaliyada hökmranlıq edib, bir sözlə, dünya ağalığı iddiası ilə yaşayıb.

“Çoxsaylı” deyəndə qeyr-müəyyən alınır, Fransanın dünyada 225 müstəmləski olub. Sual yarana bilər ki, hazırda dünyada 200 civarında dövlət varsa, necə olub Fransanın müstəmləkələrinin sayı o qədər olub. Bunun sirri odur ki, Fransanın vaxtilə ayrı-ayrı, parça-parça işğal etdiyi ölkələr və diyarların bir çoxu sonradan, müstəqillik qazanandan sonra vahid dövlətdə birləşiblər, parçalanmış halda qalmayıblar.

Digər imperialist dövlətlər kimi, Fransa da aborigen xalqları qırıb-çatıb, onlara qarşı genosid siyasəti yeridib. Bunu Şimali Amerikanı tutan ingilislər də edib, Mərkəzi və Cənubi Amerikanı götürən ispanlar da, özlərinə müxtəlif ölkələrdə kiçik paylar qoparan hollandlar, portuqallar da.

Ancaq Fransanın yerli xalqlarla davranışı daha dəhşətli olub. Bu ölkə irqçilik siyasətini ilk tətbiq edənlərdəndir. Fransız kolonistlər öz tabeçiliklərində olan insanlara qarşı daha amansız, qəddar olub, quldarlığın kitabını yazıblar.

İngilislərin ayağı dəyən yerdə sonradan çiçəklənmə, tərəqqi olsa da, müstəqillik qazanmış xalqlar daha normal dövlətlər qura bilsələr də, fransızların hökmranlıq etdiyi müstəmləkələr bu gün də özlərini düzəldə bilməyiblər. Çünki fransızlar onlara heç bir yaxşı nümunə göstərməyiblər, yerli xalqın maariflənməsinə, inkişaf etməsinə, mədəniləşməsinə heç bir töhfə verməyiblər.

Bu xüsusda parlaq misal olaraq, Mərkəzi Amerikada iki ölkəyə ev sahibliyi edən, Karib dənizində Kubadan sonra ikinci ən böyük ada olan Espanolanı misal göstərmək olar. Espanolada iki dövlət yerləşir: qərbində Haiti, şərqində Dominikan.

888777.JPG

Vaxtilə, 530 il əvvəl bu adada eyni dildə danışan, eyni mədəniyyətə, dünyagörüşə malik olan xalq yaşayıb. Sonra İspaniya adanı işğal edib. Bir müddət sonra Fransa adanın qərbinə hərbi kontingent yerləşdirib. Fransa adanın qərbini Afrikadan zorla gətirdiyi qaradərililərlə məskunlaşdırıb. İspaniya adanın şərqində yerli hindulara, qaradərililərə və avropalılara lazımi yaşayış şəraiti yaradıb. Nəticədə hazırda Dominikan dövlətinə məxsus ərazilərdə yüz minlərlə mulat yaşayır, qərbdə isə yalnız Afrika mənşəli qaradərililərdir. Haiti ilə Dominikanın inkişafının, rifahının arasında yerlə-göy qədər fərq var. Bir adanın şərqindəki ispandilli Dominikan Karib hövzəsində ən sürətlə inkişaf edən dövlətdirsə, qərbindəki fransızdilli Haiti təkcə öz regionunun yox, dünyanın ən kasıb, geridəqalmış ölkələrindən biridir.

100 il ərzində Haitidə prezident vəzifəsini tutan 22 nəfərdən 21-i ya devrilib, ya da öldürülüb. Həmin vaxt ərzində Dominikanda 50 prezident dəyişib, 30 inqilab olub.

Haiti 1803-cü ildə silahlı üsyan nəticəsində müstəqillik əldə etsə də, bu, onlara baha başa gəlib. Fransa müstəqil dövlətçiliyi öz kölələrinə çox baha satıb, tələb edib ki, onlar Parisə 150 milyon frankdan çox təzminat ödəsinlər. Bu, o dövrdə Haitinin illik gəlirinin 50 faizi demək imiş. Yəni haitililər Fransanın köləsi olmaqda davam ediblər, qazandıqlarının yarısı Parisə gedib.

Bir Haiti deyil. Fransanın Tunis, Mərakeş və Əlcəzairdə törətdiyi cinayətlər yeddi kitaba sığmayacaq qədərdir. Bu dövlət müstəmləkəsi olan heç bir ölkədən könülü və ya xoşluqla çıxmayıb, hamısında mütləq qan-qada və qırğınlar törədib. Ən pisi də odur ki, Fransa həmin ölkələrdə necəsə ilişib qalmaqda, hərbi baza saxlamaqda israrlı olub. Bu gün də Afrikanın bir çox ölkələrində Fransanın hərbi bazaları var. Neçə-neçə ölkənin dövlət dili hələ də fransızcadır.

09f0cdeac3f18a5faff59fa1b9a418c6.jpg

İndi müstəqillik qazanmaq növbəsi Yeni Kaledoniyaya çatıb. Onilliklərdir bu adada yaşayan yerli əhali öz müstəqil dövlətini qurmaq istəyir, ancaq Fransa imkan vermir. Artıq rəsmi Paris arxipelaqda iki günlük komendant saatı elan edib və hər cür toplantılara qadağa qoyub.

Ancaq söz yox ki, fransızlar gec-tez Yeni Kaldeoniyanı, 19-cu əsrin ortalarından bu günə qədər müstəmləkə kimi saxladığı adanı itirəcəklər. Başqa ölkələrdə 100-120 min nəfərlik etnik azlıq üçün yüksək muxtariyyat, hətta müstəqillik tələb edən, bundan ötrü beynəlxalq miqyasda yaxasını cıran Fransa nə Atlantik okeanındakı 315 min əhaliyə malik Korsikaya müstəqillik vermək istəyir, nə də Sakit okeandakı 275 mindən çox əhalisi olan Yeni Kaledoniyaya.

Başqa vaxt insanlara azadlıq, millətlərə istiqlal davası aparan dövlətin bu davranışı siyasi riyakarlığın tam özüdür.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
musavat.com

10Mənbələr