AZ

Ermənistandakı Avroittifaq missiyası Cənubi Qafqazda fəlakət hazırlayır...

Image

Bu gün Cənubi Qafqazda sülh əldə olunmasına əngəl yaradan faktorlardan biri də Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasıdır. Azərbaycanla sülh əldə etmək istəyən Ermənistan bu missiyanın fəaliyyətini davam etdirməsinə imkan verməklə barış üçün təhdid yaradır. 

Eyni zamanda yenə həmin missiya Ermənistanı yeni geosiyasi qarşıdurma məkanına çevirir. Hər halda, rəsmi Moskvanın mövqeyi də bu qənaəti yüksəldir. 

Məhz belə bir vaxtda  Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “news.ru” portalına müsahibəsində bir daha diqqətə çatdırıb ki, Avropa İttifaqının missiyası Ermənistanın qonşularına - Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür, açıq-aşkar təxribatçı fəaliyyət göstərir.  O qeyd edib ki, missiya açıq-aşkar təxribatçı fəaliyyət göstərir, tam şəkildə antirusiya təbliğatı, Ermənistan cəmiyyətində bu ölkənin təhlükəsizlik və rifah mənbəyi kimi Avropa İttifaqı haqqında yalan fikirlərin yeridilməsi ilə məşğuldur: “Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır”. Qaluzinin sözlərinə görə, uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, qərblilərin bölgəni hərbiləşdirmək, burada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara heç uyğun gəlmir. Yüksək vəzifəli diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıdır: “2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli İşçi Qrup üç ölkənin Baş nazir müavinlərinin birgə sədrliyi ilə məhz bununla məşğul olur". Qaluzin diqqəti Qərb ölkələrinin təzyiqi ilə İrəvanın bu istiqamətdə üçtərəfli qarşılıqlı fəaliyyətin dondurulması barədə qərar qəbul etməsinə də yönəldib. Qeyd edək ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Moskva Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının missiyasının əsl hədəflərinə heç vaxt şübhə etməyib. Onun sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub: "Aİ missiyasının fəaliyyətinə gəlincə, biz onun əsl mahiyyətinə heç vaxt şübhə etməmişik. Bu, casusluq fəaliyyətini həyata keçirmək vəzifəsidir. Bu barədə bir neçə dəfə danışmışıq”.Erməni ekspert Onnik Krikoryan qeyd edir ki, missiya ilə bağlı baş verənlər İrəvan üçün yaxşı heç nə vəd etmir: “Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının gücləndirilməsi, onun genişləndirilməsi və yerləşdirmə müddətinin uzadılması regional güclərlə növbəti qarşıdurmaya səbəb ola bilər. Birincisi bu, potensial olaraq uzun müddətdir ki, narahatlıq doğuran proseslərə səbəb ola bilər: NATO üzvü olan Türkiyə daxil olmaqla, regional güclərlə gələcək qarşıdurma ilə nəticələnə bilər. Rusiyanı da unutmaq olmaz. İkincisi, Aİ-nin Gürcüstandakı missiyası ikiillik dövrlə fəaliyyət göstərir, Ermənistan da istisna olmamalıdır”. 

Xatırladaq ki, daha əvvəl Avropa Parlamenti Ermənistandakı missiya çərçivəsində yerləşdirilən müşahidəçilərin sayının, imkanlarının artırılması və yerləşdirmə müddətinin daha 5 il uzadılması, Ermənistanla Türkiyə sərhədinə qədər coğrafi əhatə dairəsinin genişləndirilməsinə çağırıb. Görünən odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını qane etmir. Bu səbəbdən də hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atırlar. Qərbin öz geosiyasi maraqları naminə bu təhlükəli davranışı region ölkələrinin maraqlarına xidmət etmir. Avropa İttifaqının Ermənistandakı missiyası bu fonda qərəzli mövqe tutur və bu cür mövqe regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımları zərbə altına qoyur. Çünki bu missiya Avropa rəsmilərinin, qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilini “binokl diplomatiyası” agenti rolunda həyata keçirir, Azərbaycana qarşı nifrətin yayılmasına, Azərbaycanofobiyanın genişləndirilməsinə xidmət göstərir. Missiyanın davranışı neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir. Bunlar fonunda o da həqiqətdir ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönələ biləcək və ya onun maraqlarına təsir edəcək istənilən fəaliyyətin qarşısının alınması üçün bundan sonra da ölkəmzi tərəfindən bütün zəruri tədbirlər görüləcək. Ancaq bu missiya qeyd olunduğu kimi təkcə Azərbaycana qarşı deyil. Onun digər məqsədi Rusiyaya qarşı Ukraynadan sonra Ermənistanda yeni cəbhə açmaqdır. Çünki Ermənistan Qərb siyasətinə əsasən, KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmalı, Rusiya hərbi bazasını ölkəsindən çıxarmalıdır. Bütün iqtisadi, enerji və nəqliyyat resursları Rusiya şirkətlərinin nəzarətində olan Ermənistanda NATO qüvvələrinin birinci hədəfinin Moskva olacağı heç bir şübhə doğurmur. İkincisi, Aİ missiyası həm də İrana qarşı yönəlib. Rusiya və İranı sıx əməkdaşlıq telləri bağlayır. İranın Ermənistanın sərhədləri mövcuddur. İki ölkə arasında qarşılıqlı ticarət və əməkdaşlıq pik həddədir. Bu fonda Qərb regionda daha qəti şəkildə hərəkətə keçməyi planlaşdırır. Bunun üçün isə Aİ missiyasından istifadə olunur.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
baki-xeber.com

10Mənbələr