AZ

Paşinyanın ikili sərhəd siyasətinin arxa hədəfi- Azərbaycanla sərhəddə Avropa hərbçiləri...

Image

Ramil Məmmədli: “Strateji məqsəd Rusiyanı Fransa ilə əvəzləməkdir”

Məlum olduğu kimi, Ermənistan baş naziri Nikol Paşinyan sərhədlərlə bağlı ikili siyasət yeridir. Türkiyə və İranla sərhədin mühafizəsini Rusiyaya həvalə edib. Yəni Paşinyan Rusiya prezidenti Vladimir Putinlə mayın 8-də görüşdə rus qoşunlarının oradan çıxarılmasını tələb etmədi. 

Ancaq bundan fərqli olaraq, Azərbaycanla sərhədin müəyyən hissələrində yerləşən Rusiya qoşunlarının oradan çıxarılmasını istədi. 

Deməli, İranla Türkiyə sərhədinin mühafizəsini Rusiyaya həvalə edib, Azərbaycanla olan sərhəddə isə Avropa İttifaqının müşahidə missiyasını yerləşdirir. Bu yolla çalışır ki, hansısa Avropa ölkəsinin hərbçilərini sərhədə gətirsin. 

Maraqlıdır, Paşinyanın məsələyə belə ziddiyətli yanaşmasının mənası nədir? Bax bu ikili siyasət Paşinyanın hansı məqsədlərindən xəbər verir və bunun sonu nə olacaq?

“Burda məqsəd həm də Avroittifaqla Azərbaycanı qarşı-qarşıya qoymaqdır”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mövcud vəziyyətlə əlaqədar Paşinyan ikili oyun oynasa da əsl niyyəti başqadır: “Burada Paşinyanın bir neçə məqsədi var. Məsələ ondadır ki, Ermənistanın düşdüyü vəziyyətlə əlaqədar olaraq rəsmi İrəvan Rusiya ilə bütün körpüləri yandıra bilmir. İmkanları olsa, günü bu gün Rusiyadan qopub Qərbin ağuşuna sığınarlar. Ona görə də mərhələli şəkildə bunu edirlər. Əvvəl Zvartnots hava limanından Rusiya sərhədçilərinin çıxarılması təşəbbüsünü qaldırdılar. Çünki rus sərhədçiləri Qərbin Ermənistana gələn emissarlarını fiksə edirdilər. Bundan çıxış edərək bəzən qabaqlayıcı addımlar atırdılar. Ona görə də birinci Paşinyan hava limanından başladı. Azərbaycanla sərhəddən Rusiya qüvvələrinin çıxarılmasına gəldikdə isə, prinsipcə bu, gözlənilən idi. Çünki Rusiya dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin sərhədə gətirilməsini təklif etsə də, İrəvan bundan imtina etdi. Ona görə ki, KTMT qüvvələri sərhəddə yerləşdirilsəydi, Avropa İttifaqı müşahidə missiyasının ölkəyə dəvət edilməsi üçün heç bir əsas olmayacaqdı. Halbuki, Aİ missiyasının sərhədə gətirilməsində məqsəd Qərbin Ermənistanda hərbi fəaliyyəti üçün zəmin formalaşdırmaqdır. Bunu Rusiya da, digər dövlətlər də yaxşı bilir. Ermənistan Türkiyə və İranla münaqişə vəziyyətində olmadığı üçün Azərbaycanla sərhədə onları gətirir. Bunu həm də onunla əlaqələndirir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Burda məqsəd həm də Avroittifaqla Azərbaycanı qarşı-qarşıya qoymaqdır. Strateji məqsəd isə Rusiyanı Fransa ilə əvəzləməkdir. Paşinyan Rusiya-Ukrayna müharibəsinin nə ilə nəticələnəcəyini gözləyir. Görsələr ki, Rusiya məğlum olur, o zaman hətta Gümrüdəki 102-ci hərbi bazanın çıxarılmasını qaldıracaqlar. Ancaq Rusiya qalib gəlsə belə, Paşinyan Aİ missiyasını çıxarmayacaq. Çalışacaq ki, tərəflər arasında müəyyən balans yaratsın və hakimiyyətini qorusun. Ona görə də Nikol çoxşaxəli oyun oynayır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
baki-xeber.com

10Mənbələr