AZ

Rusiya da Almatı danışıqlarını dəstəkləyir

Qaluzin Avropa İttifaqını qınayıb

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin "news.ru” saytına müsahibəsində danışıb.

Diplomat deyib ki, Moskva mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayır: "Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atıldı. Biz Astananın bu istiqamətdə səylərini tam dəstəkləyirik. Tarixə nəzər salsaq, Qazaxıstan 1991-ci ilin sentyabrında Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurmaya son qoymaq üçün ilk ciddi cəhdlərdən biri olan Jeleznovodsk Bəyannaməsinin hazırlanmasına və qəbuluna mühüm töhfə verib”.

Onun sözlərinə görə, Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üçün nəzərdə tutulan yol xəritəsi 2020-2022-ci illərdəki üçtərəfli sazişlərə uyğun olmalıdır.

Sülhməramlıların Qarabağı tərk etməsi barədə suala nazir müavini belə cavab verib: "Sülhməramlılarımız unudulmaması lazım olan ən vacib şeyi etdilər: onlar münaqişə bölgəsinə sülh və sabitlik gətirdilər. Rusiya sülhməramlıları atəşkəs və hərbi əməliyyatlardan dərhal sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı əsasında tətbiq edilib. Onların səyləri ilə lazımi şərait yaradıldı ki, Ermənistan və Azərbaycan əsas normallaşma yollarını müzakirə etməyə və işə başlaya bilsinlər; nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin inkişafı. Bütün bu sahələrdə iş müxtəlif sürətlə də olsa, irəli gedir”.

"2023-cü il sentyabrın 19-20-də baş verən toqquşmalar nəticəsində Qarabağ tam Bakının nəzarətinə keçib. Rusiyanın səyləri sayəsində, o cümlədən, 6 sülhməramlımızın həyatı bahasına mülki əhali arasında əhəmiyyətli itkilərin qarşısı alındı. Sentyabr hadisələri boşluqda baş verməyib. Ermənistan hakimiyyəti 2022-ci ilin oktyabrında Praqada Avropa İttifaqının himayəsi altında keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, amma Yerevan bizə bu haqda məlumat verməyib. O zaman regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə olunmurdu. Təbii ki, Ermənistan rəhbərliyinin Qarabağla bağlı bu qərarı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasının əsas şərtlərini kökündən dəyişdi və bu, sülhməramlıların fəaliyyətinə birbaşa təsir etdi”, – deyə diplomat əlavə edib.

Mixail Qaluzin Aİ-nin Ermənistandakı müşahidə missiyasından narahatlığını ifadə edib: "Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğul olur. Ermənistan cəmiyyətində Avropa İttifaqının "təhlükəsizlik və firavanlıq mənbəyi” olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır”.

Bir neçə gün əvvəl ABŞ və Fransa da Almatı görüşünü alqışladıqları haqda bəyanat yaymışdılar.

Mayın 10 və 11-də Qazaxıstanın paytaxtı Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər.

Amma danışıqların nəticəsi barədə ictimaiyyətə geniş məlumat verilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 11-də bildirib ki, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.

Nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.

Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Almatı görüşünü konstruktiv adlandırıb.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
288
22
arqument.az

10Mənbələr