AZ

Noyabrın 1-dək minimum əmək haqlarının artırılmasına rəsmi göstəriş verildi…

Image

Aydın Hüseynov: “Minimum əməkhaqqının artırılması inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşir”

Azərbaycanda minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı"nda öz əksini tapıb. 

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Məlumat üçün qeyd edək ki, 2023-cü il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən edildi. 

Görəsən, minimum əmək haqqı nə qədər arta bilər?

“Büdcədə sosialyönlümlü xərclərin çəkisi 47 faizə yaxındır, ona görə də büdcədə minimum əməkhaqqının artırılması da mümkün ola bilər” 

Milli Məclisin deputatı Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda maliyyə imkanları yaxşılaşdıqca ilk növbədə xərclərin əhəmiyyətli bir hissəsi sosial sahəyə yönəldilir: “Son illərdə bu siyasətin tərkib hissəsi kimi minimum əməkhaqlarının artımını qeyd etmək olar. Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Bu da onu göstərir ki, bu sahə dövlətin diqqətindədir. Hazırda bununla bağlı müvafiq qiymətləndirmələr aparılır və sosial sahədə yığımda artımlar hesabına minimum əməkhaqqının artırılması istisna olunmur. Minimum əmək haqqındakı artım 700 mindən çox vətəndaşı əhatə etdiyindən əhəmiyyətli həcmdə maliyyə tələb olunur və bu baxımdan müvafiq qurumlar həmin vəsaitin təminatı üzərində qiymətləndirmələr aparır”. 

Millət vəkilinin sözlərinə görə,  hazırda ölkəmizin sosial-iqtisadi inkişaf göstəriciləri çox qənaətbəxşdir, yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. ÜDM-də qeyri neft-qaz sektorunun artımı 7,7 faiz olub: “Eləcə də həmin dövrdə qeyri-neft yığımları artıb və büdcədə 1 milyard manata yaxın profisit yaranıb. Bu o deməkdir ki, Azərbaycanın iqtisadi və maliyyə potensialı böyüyür, büdcənin imkanları son 4 ayda xeyli artıb. Bu isə dövlət büdcəsi layihəsinə dəyişikliyi zəruri edir və büdcəyə dürüstləşmə zamanı əsas strateji sahələrdən biri kimi sosial müdafiə sektorunda da artımların olması istisna deyil. Çünki Azərbaycanın dövlət büdcəsi sosialyönümlü büdcədir və hər il xərclərin tərkibində sosial sahəyə ayrılan vəsaitlər prioritetlilik təşkil edir və büdcədə sosialyönlümlü xərclərin çəkisi 47 faizə yaxındır. Ona görə də büdcədə minimum əməkhaqqını artırılması da mümkün ola bilər”.

Millət vəkili hesab edir ki, minimum əməkhaqqının artırılması inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşir. Minimum əmək haqqında yeni artım zamanı da iki meyardan istifadə olunması mümkündür, ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi. Hazırda inflyasiya 1 faizə bərabərdir, orta aylıq əməkhaqqı isə ötən 4 ayda 9 faiz artıb. Ona görə də artımla bağlı təkliflər müvafiq qurumların rəyi əsasında müəyyən oluna bilər.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
baki-xeber.com

10Mənbələr