AZ

"Azərbaycan Şərqi və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlığı gücləndirir" — Deputat

 “Azərbaycan Respublikasının xarici siyasətində Şərqi və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlıq xətti güclənməkdədir. Bu da təsadüfi deyil. Xüsusilə də dövlət başçısı İlham Əliyevin Albaniya, Slovakiya və Bolqarıstan liderləri ilə son görüşü bu qənaətə gəlməyə əsas verir. Azərbaycan Prezidenti bu dövlətlərlə münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxil işlərinə qarışmamaq, qarşılıqlı hörmət əsasında qurulmasının tərəfdarıdır”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, eyni zamanda burada çox ciddi iqtisadi maraqlar da var: 

“Şərqi və Mərkəzi Avropa ölkələrinin Azərbaycanla xüsusilə iqtisadi sahədə əməkdaşlığı genişləndirməsi üçün geniş potensialı var. Haqqında bəhs olunan region ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün Azərbaycan son dərəcə vacib bir ölkədir. Nəzərə almaq lazımdır ki, bu ölkələrin əksəriyyəti Avropa İttifaqının üzvləridir.  Eyni zamanda “yaşıl enerji” sahəsində Şərqi və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlıq üçün ölkəmizdə yeni imkanlar pəncərəsi açılıb. Artıq bununla bağlı Rumıniya və Macarıstanla əməkdaşlıq yaradılıb, müvafiq sənədlər imzalanıb və bu prosesin bundan sonra da davam etdirilməsi gözlənilir. Bu gün Azərbaycan qazı Avropa İttifaqının 8 dövlətinə ixrac olunmaqdadır. Bu ölkələrin hər biri ilə Azərbaycanın əlaqələri sürətlə inkişaf edir. Tərəflər bu əməkdaşlığın genişləndirilməsində olduqca maraqlı olduqlarını nümayiş etdirirlər. Nəticə etibarilə ölkəmizin atdığı hər bir addım regionda sülhə xidmət edir”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72

1Mənbələr

Şərh ()
Bağla