AZ

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəlik də, münasib qiymətə rast gəlmək mümkündür. Meyvələrin qiymətinin azalmasını insanlar çaşqınlıqla qarşılayıblar. 

Bəs görəsən, ucuzlaşmanın səbəbi nədir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, məhsuldar sortların əkilməsi istehsalı artırır:

“Azərbaycanda son illərdə əkin sahələrinin nisbətən genişlənməsi, məhsuldarlıq və aqrotexniki qulluğun fermerlər tərəfindən yaxşılaşdırılması, daha çox məhsuldar sortların əkilməsi məhsul istehsalını artırır.

Çiyələk məhsulunun bir hissəsi, təxminən, 20 min tonu Rusiyaya və yaxın ölkələrə ixrac olunur. Əsasən də Rusiya bazarına ixrac olunur. Yerdə qalan hissəsi isə daxili bazarda realizə olunur”.

C.İbrahimli bildirib ki, bu il fermerlərin məhsulun qiyməti ilə bağlı narazılıqları var:

“Əkin sahələrinin artımı var, amma məhsuldarlıq hava şəraiti ilə də bağlıdır. İlkin çıxan məhsul tam istixana şəraitində yetişdirilməyib. Məhsul boldur.

Müəyyən qədər qiymətin aşağı düşməsi Rusiyaya ixracın azaldığını göstərir. Rusiyada da bəzi sahələrdə bu məhsulun yetişdirilməsi artıb. Bu da məhsulun ucuz olması üçündür. İxrac üçün məhsul rentabelli deyil. Belə olan halda daxili bazarlarda qiymətin əvvəlki illərlə müqayisədə mövsümi günlərə görə aşağı olduğu deyilir. Lakin paytaxt bazarlarında məhsul o qədər də ucuz deyil. Fermerlər də bundan narazıdırlar”.

Ekspert əlavə edib ki, maya dəyəri yüksək olduğundan fermerlər böyük gəlir əldə edə bilmirlər:

“Buna görə də narazıdırlar. Çiyələkdən ancaq yemək üçün istifadə edirlər. Emal müəssisələri və ev şəraitində bağlamalar üçün sonrakı dönəmdə istifadə edəcəklər. Bazarda məhsulun bolluğu qiymətin düşməsinə səbəb olub.

Fermerlərin qiymət məsələləri hər zaman müzakirə olunur. Məhsul ucuz olsa da, bazarda baha satılır. Bunun da fundamental səbəbləri var. Bazarın özünəməxsus infrastrukturu var. Topdan və pərakəndə satış var.

Bir neçə əl dəyişir. Hərə öz mənfəətini qoyur. Bazara daxil olanda qiymət artır. Burada alan, daşıyan, satan bütün riskləri üzərinə götürür. Pərakəndə satışı həyata keçirənlər ucuz alıb, bazarda mənfəət əldə etmək istəyirlər. O, qiymətdəyişmə ilə də bağlı bütün riskləri üzərinə götürür. Əsas məsələ budur”.

Nəzrin Vahid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
43
oxu.az

10Mənbələr