AZ

Gürcüstan DİN mitinqin iştirakçılarına müraciət edib

Gürcüstan

Tbilisi, 13 may, AZƏRTAC

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə parlament binası qarşısında və ətraf küçələrdə keçirilən mitinqin təşkilatçılarına və iştirakçılarına müraciət edib.

AZƏRTAC xəbər verir ki, nazirlik aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunvericilik orqanının giriş-çıxışlarını təmizləməyə, deputatlara və aparat üzvlərinə parlamentə daxil olmaq və öz vəzifələrini yerinə yetirməyə başlamaq imkanı yaratmağa çağırıb.

Bildirilib ki, əks halda, polis qanuni səlahiyyətləri çərçivəsində hərəkət edəcək və parlamentə girişlərin polis qüvvələri tərəfindən təmizlənməsini təmin edəcək.

Qeyd edək ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən insanlar mayın 12-dən növbəti mitinq təşkil ediblər. Onlar mayın 13-də səhər saatlarında Hüquq məsələləri komitəsinin iclasında deputatların təşəbbüsə üçüncü oxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveli prospektində parlamentə gediblər və orada gecələyiblər.

Bütün gecə boyu davam edən aksiyalar zamanı polis parlamentin binası qarşısında 2 nəfəri saxlayıb. Parlamentin yaxınlığındakı Çiçinadze küçısində isə polis asayişi pozmağa çalışan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiyaçılar polisə qarşı dəmir, şüşə və digər əşyalarla xəsarət yetirməyə cəhd ediblər.

Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Prezident Salome Zurabişvili, ölkə müxalifəti, ABŞ və Qərb diplomatları onun əleyhinə çıxış edirlər. Onlar qanunun Avropa İttifaqına inteqrasiyata maneə olduğunu iddia edirlər.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləri isə bildirib ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinə xidmət edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
251
8

1Mənbələr

Şərh ()
Bağla