AZ

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Azərbaycanın İspaniya Krallığındakı səfirliyi tərəfindən ölkəmizə dəvət edilmiş jurnalist-fotoqraf Qervasio Sançez Fernandez Beynəlxalq Avrasiya Mətbuat Fondunda minadan zərərçəkənlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə 1991-ci ildən bu il mayın 2-dək Azərbaycanda 3438 nəfərin mina qurbanı olduğu ispaniyalı qonağın diqqətinə çatdırılıb. Bildirilib ki, mina qurbanlarından 358 nəfəri uşaq, 38-i isə qadındır. 2020-ci ilin noyabrından bu il aprelin 30-dək ölkəmizdə mina qurbanlarının sayı 359 nəfər təşkil edir. Onlardan 67-si həlak olub, 292 nəfər isə xəsarət alıb. Mina qurbanlarının 179-u mülki şəxs, 180 nəfəri isə hərbi qulluqçudur.

Aprelin 25-dən Azərbaycana gəldiyini diqqətə çatdıran jurnalist-fotoqraf Ağdam, Tərtər, Goranboy, Füzuli rayonlarında minadan zərərçəkən 20-dən çox həmsöhbətinin olduğunu qeyd edib. O, həmçinin Laçında, Zəngilanda, Şuşada, Ağdam və Füzulidə aparılan bərpa-quruculuq işləri ilə də yaxından tanış olub.

Minadan zərərçəkən mülki vətəndaşlarla görüşlər keçirməklə bu məsələni dünya mətbuatında işıqlandırdığını vurğulayan qonaq mina problemi olan 10-a yaxın ölkədə işlədiyini, Azərbaycandakı ab-havanın onu dəhşətə gətirdiyini qeyd edib.

Görüşdən sonra AZƏRTAC-a müsahibə verən Fernandez deyib: “Müharibə zamanı - 1990-cı illərin əvvəllərində Azərbaycana gəlmək istədim. Sadəcə olaraq, həmin dövrdə keçmiş Yuqoslaviyada müharibə baş vermişdi. Bu səbəbdən Azərbaycana səfər edə bilmədim. Qarabağa gəlməyi çox istəyirdim və buna müharibə şəraitində olmasa da, sülh dövründə nail oldum. Ümidvaram ki, sülh hər zaman davam edəcək. Şərtlərindən asılı olmayaraq istənilən sülh sazişi müharibə şəraitindən daha yaxşıdır”.

Azərbaycana səfərinin qısa olmasına baxmayaraq, çox məhsuldar fəaliyyət göstərdiyini deyən jurnalist əlavə edib: “Gəlişimin əsas məqsədi piyada əleyhinə minalarla bağlı araşdırma aparmaq, onlar haqqında ümumi məlumat almaq, bununla yanaşı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və mina təmizlənməsində iştirak edən qurumların iş prinsiplərini görmək və təhlil etmək, eyni zamanda, Qarabağda yenidənqurma işləri ilə tanış olmaq idi. Otuz ildir bu istiqamətdə işləyirəm, bir çox ölkələrdə olmuşam. Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi. Məni heyrətləndirən başqa məsələ isə minaya düşənlərin böyük hissəsinin mülki şəxslər olmasıdır. Onların əksəriyyəti kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən minaya düşənlər idilər. ANAMA bu sahədə işini peşəkarlıqla və qətiyyətlə görür, təxminən 2500 nəfərlik komandası ilə ərazidə çox fəal şəkildə işləyir”.

Qervasio Sançez Fernandez, həmçinin Azərbaycanda minatəmizləmə prosesinə qadınların cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
38
ednews.net

10Mənbələr