AZ

Paşinyan Moskvanı Qərbə, Qərbi Moskvaya satır- ildə 7 milyard qazanc isə öz yerində…

Image

Elçin Qurbanov: ”Avropa və ABŞ da xəyanətlərdən yaxşı xəbərdardırlar”

Mayın 8-də axşam Kremldə Ermənistanın  baş naziri Nikol Paşinyanla Rusiya  prezidenti Vladimir Putin arasında görüş keçirilib. Verilən məlumata görə, Putin deyib ki, 2015-ci ildən bəri Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarət dövriyyəsi 14 dəfə artıb:  

“İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir. Biz həmişə, ilk növbədə, iqtisadi əməkdaşlığa diqqət yetiririk. Son bir ildə ticarət dövriyyəsinin artımı çox mühüm məbləğ təşkil edib və bu, əsasən idxalın artması ilə bağlıdır; sizdənsə – bizim istiqamətimizə ixracla. Ticarət dövriyyəsi isə 7 milyard dolları ötüb. Ticarət-iqtisadi əlaqələrimizdə əvvəllər belə həcm olmayıb".

Ortaya maraqlı mənzərə çıxır, Ermənistanın Avrasiya İqtisadi Biriliyi  ilə mal dövriyyəsi 14 dəfə artıb, Rusiya ilə 7 milyard dollara çatıb.

Belə çıxır ki, Ermənistan Rusiyanın hesabına yaşayıb ona arxa çevirir. Çünki son vaxtlar Ermənistandakı anti-Rusiya ovqatı bundan xəbər verir. Rusiyaya sanksiyalı mallar satmaqla, həm də Qərbə xəyanət edir. İqtisadi münasibətlərdə özünü göstərən bu ikiüzlülüyü necə şərh etmək olar?

İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sualımıza  cavab vermək üçün ilk növbədə rəsmi statistikanın məlumatlarına nəzər salmaq lazımdır:

“Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Ermənistanın AİB (Avrasiya İqtisadi Birliyi) ölkələri ilə ticarət dövriyyəsi Ermənistanın ümumi ticarət dövriyyəsinin 36,8%-ni təşkil edib. Eyni zamanda, Rusiya ilə ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 43,3% artaraq 7 milyard 306 milyon 23 009 dollar təşkil edib. Belarusla ticarət dövriyyəsi 2,8% azalaraq 181 milyon 640 min dollar təşkil edib.  Ötən il Qazaxıstan və Qırğızıstanla ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artıb. 2023-cü ildə Ermənistanla Qazaxıstan arasında ticarət dövriyyəsi 2,4 dəfə artaraq 100 milyon 484 min dollar, Qırğızıstanla isə 4,2 dəfə artaraq 27 milyon 829 min dollar təşkil edib.                                                                                                                                                                         

2023-cü ildə Ermənistandan ən böyük ixracat 2022-ci illə müqayisədə 38,8% artaraq 3 milyard 418 milyon 641 006 dollar təşkil edib. Rusiyadan Ermənistana mənşə ölkəsinə görə idxal 2022-ci illə müqayisədə 47,4% artaraq 3 milyard 887 milyon 382 003 dollar təşkil edib.  

2023-cü ildə Ermənistanın Belarusa ixracı 2022-ci illə müqayisədə 19,5% artaraq 91 milyon 929 009 dollar təşkil edib. İdxala gəlincə, Belarusdan idxal 18,4% azalaraq 89 milyon 710 002 dollar təşkil edib.  Bu da Ermənistanın xarici ticarətində uğur deməkdir. İxracın həcminin artması, idxalın azalması iqtisadi inkişafın gösrəicisi kimi xarakterizə olunur.   2023-cü ildə Ermənistan Qazaxıstana əsasən avtomobillər, spirtli içkilər, zərgərlik məmulatları, boyalar və laklar, soyuducu, dondurucu və digər soyuducu avadanlıqlar, idxal olunan tütün məmulatları, elektrik akkumulyatorları, xam alüminium, yuyulma, üyüdülmə, torpaq qarışdırma avadanlıqları, filizlər və digər bərk məmulatlar və mineral maddələr ixrac edib.

Ötən il Ermənistandan Qırğızıstana əsasən avtomobil, geyim, heyvan yemi, daxili yanma mühərrikləri və s. Qırğızıstandan isə Ermənistana telefon, lobya, tərəvəz, quru meyvə, makaron, şirələr idxal edilib.

İxrac olunan mallar arasında elələri də var ki, Ermənistan, məsələn, minik avtomobilləri istehsal etmir və təkrar ixrac prosesi hökumətin ciddi nəzarəti altındadır, Ermənistan iqtisadiyyatına qarşı maliyyə sanksiyaları risqlərinin yaranmaması ilə bağlı daimi məsləhətləşmələr aparılır.  

Rusiyaya sanksiyalı malların ixracına gəlincə, ABŞ və Avropa Ermənistan tərəfindən Rusiyaya qadağan olunmuş malların təkrar ixracından və bununla da Rusiyanın sanksiyaların təsir dairəsindən kənarda qalmasından narahatlığı barədə çoxdan mesajlar verməkdədir.  

ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədlərindən birində qeyd olunub ki, hələ 2022-ci ildə Ermənistan ABŞ-dan 515 faiz, Aİ-dən isə 212 faiz çox çip və prosessor idxal edib. Həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib. Həmin məhsullar Rusiyanın silah hava hücumları sistemlərində,  pilotsuz uçuş aparatları və tanklar üçün istifadə olunan çiplərdir. ABŞ bu problemlə mübarizə aparır. ABŞ və müttəfiqləri bilavasitə Rusiyaya həmin malları idxal etmir. Rəsmi mənbələrə əsasən, Rusiya dəqiq silah komponentlərinin böyük hissəsini tükətdiyindən, həmin hissələri keyfiyyətsiz və ya saxta olanlarla əvəz etməsi silahların dəqiqliyini azaldıb. Lakin buna baxmayaraq, Ukrayna ilə müharibədə Rusiya üçün yeni maraqlı təchizatçılar, əsasən də Çin meydana girib. Rusiyanın məhdudiyyətlərdən yayınmaq cəhdlərinin qarşısını almaq üçün ABŞ və tərəfdaşları Rusiya, İran, Çin, Kanada və digər ölkələrdə onlarla şirkət və təşkilata qarşı sanksiyalar tətbiq edərək, öz qaydalarını durmadan sərtləşdirir. Ermənistanın həm  Qərb və ABŞ-a , həm də Rusiyaya qarşı ikiüzlülük və xəyanətinə gəlincə, çox maraqlı faktlardan biri də odur ki, Rusiya prezidentinin həbsi barədə beynəlxalq məhkəmənin qərarının icrasına qoşulan Ermənistan prezidentinə V. Putin ilk dəfə deyil qucaq açır. Avropa və ABŞ da xəyanətlərdən yaxşı xəbərdardır. Bunlar hamısı siyasi manevrlərdir. Bütün bunlar onu göstərir ki, dünya gücləri Ukrayna-Rusiya savaşının bitməsində maraqlı deyillər. Azərbaycan isə beynəlxalq siyasətdə qalibdir. Bu qələbəyə nə Ermənistan, nə də ona suflyorluq edən Fransa mane ola bilər. Heç belə bir plan da yoxdur. Dünyanın xəritəsi artıq çəkilib”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla