AZ

Paşinyan İran və Türkiyə ilə sərhəddə rusları saxladı, Azərbaycanla sərhəddə yox...

Image

Yəhya Babanlı: “Bütün bunlar Ermənistanın forpost olduğuna işarədir”

Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bəzi rayonlarından çıxarılması barədə razılığa gəlinib. Bu razılıq Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə edilib. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də, şərtlər dəyişdiyinə görə... Paşinyan və Putin bu məsələni razılaşdırıblar”, - o deyib.

Peskov onu da əlavə edib ki, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaqlar.

“Əldə edilən razılaşmaya əsasən, 44 günlük müharibə zamanı, habelə ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Qeqarkunik, Ararat bölgələrində yaradılan Rusiya sərhəd və hərbi məntəqələri fəaliyyətini dayandıraraq oradan çıxarılacaq”, - bunu isə Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan bəyan edib. 

Qeyd olunduğu kimi, Rusiya ordusu Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrini tərk edir. Maraqlıdır, ermənilər niyə rusların Azərbaycanla sərhəddən çıxmasını, Türkiyə və İran sərhədində isə qalmalarını istədilər? Nə planları var?

“Rusiya tərəfi Azərbaycanla sərhəddən “çəkilməklə” məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə qoyur” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlının fikrincə, Ermənistanın belə mövqedən çıxış etməsi bir sıra məsələlərlə əlaqədar ola bilər: “Təbii ki, bu məsələdə müxtəlif yanaşma ola bilər. İlk baxışdan iki məna çıxır: birincisi, Rusiya mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan ilə Ermənistanın sülhə addım atması üçün jest edir. Yəni bununla xoş niyyətini ortaya qoyur. Bunu da şərtləndirən faktor ondan ibarətdir ki, Rusiya-Ukrayna münasibətində belə bir imicin formalaşdırılması şərtdir. İkincisi, Rusiya tərəfi Azərbaycanla sərhəddən “çəkilməklə” məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə qoyur. Gələcək addımlarda “neytral mövqeyini” ifadə edir. Sülh anlaşmasında tərəflərin rolunu qabartmaqla özünü sığortalayır və baş verə biləcək hadisələrdən ehtiyatlanır. Türkiyə və Ermənistan sərhədlərində Rusiya silahlı kontingentinin qalmasına gəldikdə, bu, imperialist gücü göstərməkdir. Yəni SSRİ dönəmindəki kimi, biz hələ də varıq və mövcuduq. Bunu demək istəyir. Bütün bunlar Ermənistanın forpost olduğuna işarədir. Gərək erməni siyasi hakimiyyəti vəziyyəti və vaxtı sərbəst dəyərləndirsin. Sülhə doğru real nəticəyə imza atsın. Əks halda platsdarm coğrafiya   təsirində qalacaq. Hər bir halda biz öz mövqeyimizdə qalmalıyıq: sülh istəyənlə sülh, müharibə istəyənlə müharibə prinsipini də unutmamalıyıq. Mürəkkəb regional və qlobal proseslərdən aydın nəticə çıxarmalıyıq”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla