AZ

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

Tbilisi, 10 may, AZƏRTAC

Mayın 10-da Marneulidə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində” (GAİM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Marneuli meri Kənan Ömərov, Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadze, Marneuli, Rustavi şəhərindən, Bolnisi, Qardabani, Dmanisi rayonlarından ziyalılar və məktəblilər iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

GAİM-in icraçı direktoru Murad Muradov Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumat verib, dahi şəxsiyyətin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Ulu Öndər istər Azərbaycanda, istərsə də Gürcüstanda təhsilin inkişafına böyük diqqət göstərib.

Fenomen şəxsiyyətin siyasi irsinin öyrənilməsi və təbliği məqsədi ilə azərbaycandilli məktəblər arasında mütəmadi olaraq bilik və idman yarışları, mədəni-kütləvi tədbirlər keçirilir. Bu dəfə isə dahi şəxsiyyətin anadan olmasının 101 illiyi ilə əlaqədar Gürcüstandakı azərbaycandilli məktəblərin şagirdləri arasında “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib.

Müsabiqədə Marneuli və Rustavi şəhərləri, Qardabani, Dmanisi və Bolnisi rayonunlarından onlarla şagird iştirak edib. Onların inşa yazıları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində və inkişafında Ulu Öndərin xidmətlərindən söz açıb. Bildirib ki, Heydər Əliyev hər zaman Gürcüstanla münasibətlərə xüsusi əhəmiyyət verib, Gürcüstanda yaşayan soydaşlarımıza xüsusi diqqət göstərib.

Diplomat bildirib ki, Gürcüstan Azərbaycanın ilk strateji tərəfdaşı olub. Bu da Ulu Öndərin əsasını qoyduğu məqsədyönlü siyasətin nəticəsidir.

Ümummilli Liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan diplomat deyib ki, qazanılan uğurlar məhz Ulu Öndərin uzaqgörən siyasətinin uğurlu davamının nəticəsidir.

Sonra Marneulinin meri Kənan Ömərov, Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadze, Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynov və başqaları Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Müsabiqədə Bolnisi rayonunun Faxralı kənd məktəbinin şagirdi Güllü Aşırova birinci, həmin rayonun Kəpənəkçi kənd məktəbinin şagirdi Nəzrin Turabova ikinci, Marneuli rayonu Candar kənd məktəbinin şagirdləri Səmayə Əliyeva və Liyana Novruzova üçüncü yeri tutublar.

Sonda inşa müsabiqəsinin qaliblərinə diplom və mükafatlar, müsabiqədə iştirak edənlərə diplom və tərifnamələr təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
azertag.az

10Mənbələr