AZ

Koul Palmer - Premyer Liqada aprelin ən yaxşı oyunçusudur!

“Çelsi”nin ingilis hücumameylli yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Geridə qalmış aprel ayı ərzində Palmer “zadəganlar”ın heyətində 4 oyunda 7 qol vurub və 1 məhsuldat ötürmə verib. Əvvəlcə, Palmer “Mançester Yunayted”in qapısından 3 qol keçirib, ardınca isə “Everton”a 4 qol vurub.

Beləliklə, Palmer 2018-ci ilin sentyabrından bəri, belçikalı vinger Eden Hazarddan sonra “Çelsi”nin İngiltərə Premyer Liqasında ayın oyunçusu seçilmiş ilk futbolçusu olub.

Bu mükafat uğrunda mübarizədə gənc ingilis futbolçu Bruno Fernandesi, Yoşko Qvardiolu, Kay Havertsi, Jan-Filipp Matetanı və Cordan Pikfordu qabaqlayıb.

Xatırladaq ki, daha əvvəl Palmer “Çelsi”nin heyətində mövsümün ən yaxşı oyunçusu elan edilmişdi.

Əvvəlki aylarda Premyer Liqanın ən yaxşısı seçilmiş oyunçular bunlardır:

Avqust 2023 – Ceyms Meddison (Tottenhem)
Sentyabr 2023 – Son Hın Min (Tottenhem)
Oktyabr 2023 – Məhəmməd Salah (Liverpul)
Noyabr 2023 – Harri Maquayr (Mançester Yunayted)
Dekabr 2023 – Dominik Solanek (Bornmut)
Yanvar 2024 – Dioqo Jota (Liverpul)
Fevral 2024 – Rasmus Höylund (Mançester Yunayted)
Mart 2024 – Rodriqo Munis (Fulhem)

Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabrında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib. Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 24 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə hələ diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla