AZ

Putinlə görüşdən sonra Paşinyanın anti-Rusiyaçılığı daha da qızışdı...

Image

Məlum olduğu kimi, Ermənistan 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) proqramlarını maliyyələşdirməyəcək. Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə, Ermənistan təşkilatın 23 noyabr 2023-cü il tarixli qərarına qoşulmaqdan imtina edəcək. Bu, başqa sözlərlə İrəvanın bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etməsi deməkdir.

Qeyd edək ki, hələ bu ilin fevral ayında Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, ölkəsi KTMT-dəki fəaliyyətini dondurub. Onun sözlərinə görə, buna səbəb təşkilatın 2021 və 2022-ci illərdə Ermənistan qarşısında öhdəliklərinə əməl etməməsidir. Paşinyan onu da demişdi ki, İrəvan Rusiyanın hərəkətlərinə görə başqa ölkələrlə münasibətlərinə yenidən baxır və təhlükəsizlik sahəsində yeni partnyorlar axtarır. Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi. Təşkilatın 2022-ci ilin noyabrında İrəvanda keçirilən sammitində isə o, KTMT kollektiv təhlükəsizlik şurasının bəyannamə layihələrini və Ermənistana birgə kömək tədbirləri haqqında sənədi imzalamamışdı. Bundan əvvəl, 2023-cü ilin yanvarında Ermənistan öz ərazisində KTMT təlimlərinin keçirilməsinə icazə verməmişdi. İndi də Ermənistan KTMT proqramlarını maliyyələşdirməyəcəyini bəyan edir. KTMT Katibliyindən Rusiyanın “RIA Novosti” agentliyinə deyiblər ki, Ermənistan hakimiyyəti təşkilatda üzvlüyünün dayandırılmasına dair heç bir bəyanat verməyib. Katiblik bildirib ki, belə görünür, söhbət təşkilatın keçirdiyi tədbirlərdə iştirakdan imtina edilməsindən gedir. Baş verənlər fonunda “Nezavisimaya qazeta” yazır ki, Moskvada Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali İqtisadi Şurasının son iclası, bu çərçivədə Paşinyanın prezident Vladimir Putinlə görüşü də istənilən nəticəni verməyib: “Moskvada Aİİ-nin yubiley sammiti baş tutub. İclasa ölkəsi iqtisadi inteqrasiyanın əsas benefisiarlarından biri olan Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edib. Müttəfiqlər 10 illik birgə işin nəticələrini yekunlaşdırıb, həmçinin Aİİ-nin 2025-ci ilə qədər inkişaf strategiyasının həyata keçirilməsini müzakirə ediblər. Ümumilikdə tədbirdə yeddi dövlətin liderləri iştirak edib. Avrasiya assosiasiyasının birbaşa iştirakçılarını (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya) Kuba və Özbəkistan prezidentləri Migel Diaz-Kanel Bermudeslə Şavkat Mirziyoyev müşayiət edib. Onların ölkələri Aİİ-də müşahidəçidir. Rusiya prezidenti Vladimir Putin iclasa bildirib: “İqtisadi göstəricilər öz sözünü deyir. On il ərzində Avrasiya İttifaqı ölkələrinin ümumi ÜDM-i mövcud hesablamalara görə, 1,6 trilyon dollardan 2,5 trilyon dollara yüksəlib”. Eyni zamanda, o, bu il də müsbət makroiqtisadi dinamikanın davam etdiyini vurğulayıb.

Bununla belə, günün əsas intriqası Paşinyanın beşinci dəfə Rusiyaya rəhbərlik edən Putinlə görüşü oldu. Ermənistan lideri bundan öncə böyük mətbuat konfransı verdiyi üçün Rusiya prezidentinin andiçmə mərasimini buraxıb. Xüsusən də jurnalistlərlə danışan Paşinyan Rusiyaya qarşı bir sıra şikayətlərini dilə gətirib. Məsələn, o, Rusiya televiziya kanallarının, respublika ilə bağlı redaksiya siyasətinə yenidən baxmasalar, Ermənistanda yayımını qadağan edəcəyi ilə hədələyib. “İmzalanmış sazişlərə əsasən, biz Rusiya kanallarından Ermənistana və onun maraqlarına hörmət etməyi xahiş edirik. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə əsaslanaraq, biz dəfələrlə xahiş etməyə, sonra tələb etməyə hazırıq. Əgər yeddinci dəfədən sonra bizim tələbimizə məhəl qoyulmasa, o zaman bütün bu kanallar bağlanmalı və onların Ermənistanda yayımı dayandırılmalıdır”, - deyə hökumət başçısı vurğulayıb. Bundan başqa, Paşinyan Azərbaycan, Ermənistan və Rusiya başçılarının Qarabağ uğrunda ikinci müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını etibarsız adlandırıb. O, bunu sənədin Bakı ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına (Zəngəzur dəhlizi adlanan) nəzarətin Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməli olduğunu qeyd edən doqquzuncu bəndinin müzakirəsi kontekstində xatırladıb. Moskva bildirib ki, Vladimir Putinlə Paşinyan arasında danışıqların əsas mövzusu Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik məsələləri ilə bağlıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, bu danışıqlar hər iki tərəfə lazım idi. Xatırladaq ki, aprelin 22-də Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bundan əvvəl Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanılmışdı. 

Erməni politoloq Arşaluys Mqdesyan hesab edir ki, indi Moskva ilə İrəvan arasında siyasi münasibətlər SSRİ-nin dağılmasından bəri ən aşağı həddə çatıb. “Ermənistan hakimiyyəti hesab edir ki, onların rusiyalı həmkarları hərbi-siyasi sahədə müttəfiqlik öhdəliklərini yerinə yetirmirlər və bütün anti-Rusiya günahlarında ittihamlarla cavab verirlər. Mahiyyət etibarı ilə Moskvanın mövqeyi İrəvana Qərbin inkişaf kursunu əsaslandırmaq imkanı verir və İrəvanın davranışından Moskva Cənubi Qafqazdakı hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edir. Geosiyasi vəziyyət dəyişməyincə, çətin ki, tərəflər bu yoldan dönə bilsinlər”, - ekspert hesab edir. MDBMİ-nin Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev isə əksinə, hesab edir ki, Ermənistan hakimiyyəti Aİİ-dən hansı iqtisadi faydaları itirə biləcəyini başa düşməklə yanaşı, Rusiya ilə münasibətlərini pisləşdirməyə şüurlu şəkildə çalışır. Öz növbəsində Moskva İrəvanla müttəfiqliyini qoruyub saxlamağa çalışır. “Lakin təhlükəsizlik sahəsində əlavə tərəfdaşlar axtarmaq bir şeydir, eyni zamanda Moskva ilə münasibətləri korlamaq başqa şeydir”, - Silayev deyib. Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan da hesab edir ki, Ermənistan hakimiyyəti Rusiya ilə müttəfiqlik münasibətlərinə yenidən baxmaq kursunu müəyyənləşdirib. “Paşinyan hökumətinin nöqteyi-nəzərindən Rusiya ilə müttəfiqlik özünü doğrultmadı. Onlar bir tərəfdən Türkiyə və Azərbaycanla nəyin bahasına olursa-olsun sülh kursunu, digər tərəfdən Qərblə yaxınlaşma kursunu müəyyənləşdirdilər. Eyni zamanda, Paşinyan ehtiyat edir ki, Rusiya ilə münasibətlərin kəskin pozulması, xüsusən də Aİİ-dən çıxması daxili siyasi problemlərlə dolu olan ölkə üçün ciddi sosial-iqtisadi problemlərə gətirib çıxara bilər. Buna görə də o, boşluğu daha idarəolunan etmək və hakimiyyəti üçün mümkün risqləri minimuma endirmək niyyətindədir”, - Xalatyan qeyd edib”.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla