AZ

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Hulusi

Bakı, 10 may, AZƏRTAC

Hər bir ölkənin tarixində bütöv bir xalqın taleyini dəyişən, dövlətçiliyin müdafiəsini və inkişafını təmin edən şəxsiyyətlər, liderlər olub. Türkiyədə belə bir şəxsiyyət Mustafa Kamal Atatürk, Azərbaycanda isə Heydər Əliyevdir.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyənin ölkəmizdəki keçmiş səfiri, qardaş ölkədə İMZA assosiasiyasının nümayəndəsi Hulusi Kılıç söyləyib. Onun sözlərinə görə, Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq ideologiyası dünya arenasında Azərbaycanın mövqeyini möhkəmləndirməyə, onun beynəlxalq nüfuzunu yüksəltməyə imkan verib.

Kılıç vurğulayıb ki, Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamı Türkiyə ilə Azərbaycan arasında əbədi dostluğu və qardaşlığın göstəricisidir və iki qardaş ölkənin hər bir vətəndaşına yol göstərir. O, Ümummilli Liderini Türkiyəyə ilk rəsmi səfərini xatırladıb: “1994-cü ildə Ankaraya tarixi səfəri çərçivəsində Heydər Əliyev Türkiyə parlamentində geniş nitqlə çıxış edərək ölkəmizin milyonlarla sakininin sevgi və hörmətini qazandı”, - deyə keçmiş səfir bildirib.

Kılıç türk xalqları arasında dostluq körpülərinin qurulmasında Heydər Əliyevin roluna da diqqət çəkib. Onun sözlərinə görə, Heydər Əliyevin 2001-ci ildə türk dövlətləri liderlərinin Zirvə görüşündə çıxışı bu gün də bütün türk dünyası üçün inteqrasiya və əməkdaşlıq ideyalarının bələdçisidir.

“Böyük qürur hissi ilə qeyd edirəm ki, Ümummilli Liderin kursu uğurla davam edir, onun vəsiyyətləri Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti sayəsində həyata keçirilir. Azərbaycanın Ali Baş Komandanı Heydər Əliyevin arzusunu həyata keçirdi və Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etdi”, - deyə Türkiyənin keçmiş səfiri bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə Naxçıvanda keçirilən sammitdə təməli qoyulan Türk dünyasında inteqrasiya məsələsi ilə bağlı Prezident İlham Əliyev də lazımi addımlar atır.

Heydər Əliyev Fondunun həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda yüzlərlə layihə həyata keçirdiyini vurğulayan Kılıç deyib: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müasir Azərbaycanın memarının xatirəsinin yaşadılmasında xidmətlərini xüsusi qeyd etmək istərdim. 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu Ümummilli Liderin arzu və ideyalarını uğurla həyata keçirir”.

Kılıç vurğulayıb ki, Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın dünyada nüfuzunun yüksəlməsinə sanballı töhfə verir. O qeyd edib: “Əminəm ki, Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla