AZ

Hotellərin ulduzlarının sayı nəyə əsasən müəyyənləşir?

Azərbaycanda bəzi hotellər 5 ulduzlu olmasına baxmayaraq, buna uyğun xidməti göstərə bilmir.
 
Bəs hotellərin ulduzları sayı nəyə əsasən müəyyənləşir? 
 

Bu barədə Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov "Operativ Media"ya açıqlamasında bildirib ki, Azərbaycanda bəzi otellər özlərini bazara beş ulduz kimi təqdim edirlər:

"Ulduz təsnifatlandırılması davam edir. Hotellər Assosiasiyası tərəfindən müəyyən komissiya tərtib olunub. Müxtəlif kriteriyalar əsasında hotellərin xidmət səviyyəsi nəzərdən keçirilib, xidmətinə görə, personal sayına görə hotelin özünün imkanlarına görə ulduzlar təqdim olunur və bu ulduz təsnifatlaşdırılması tam Avropa standartlarına uyğundur. Ona görə mən düşünmürəm ki, hal-hazırkı təsnifatlaşdırmadan keçən hotellər öz ulduz səviyyəsinə uyğun şəkildə fəaliyyət göstərə bilmirlər. Böyük ehtimal ki, bu, əvvəldən olan bəzi hotellərin özlərini yüksək kateqoriyada ulduz kimi təqdim etməsindən irəli gəlir ki, orada da ciddi şəkildə uyğunsuzluq özünü göstərir".

Ekspert qeyd edib ki, hotellərin ulduzları ilə uyğunsuzluğu ilk növbədə hotelin özünə ziyan verir:

"Çünki bu, müştərini turisti aldatmaqdır. Amma indiki durumda turistləri bu şəkildə aldatmaq elə həmin obyektin özünün ciddi şəkildə zərərinə səbəb ola bilər. Çünki açıq internet məkanında, müxtəlif portallarda turistlər, müştərilər çox rahat şəkildə öz fikirlərini yaza bilir ki, bununla da minlərlə insanda həmin hotel haqqında fikir formalaşır. Ona görə hotellər də bu məsələlərə ciddi həssasiyyətlə yanaşmalıdırlar və müştərilərin yanaşmalarını diqqətə almalıdırlar. Əks təqdirdə, uyğunsuzluq olarsa və yaxud da hoteldə hər hansı bir qüsur baş veribsə və buna reaksiya verilmədikdə hotelin özü üçün zərərli ola bilər".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla