AZ

“Mən də bilirdim, mən də inanırdım” - Prezident

“Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib.

“Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi” - dövlət başçısı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
3
Mənbələr
Şərh ()
Bağla