AZ

Ermənistandakı “keşişlər üsyanı“ nın batini mahiyyəti işğal ideologiyasının əbədi iflasına etirazdır - Tural İrfan

Keşiş Baqrat Qaltanyanın Ermənistandakı mitinqi, sərhədlərin delimitasiyasına qarşı çıxışları və baş nazir Nikol Paşinyanı istefaya çağırması erməni kilsəsinin anti-humanist fəlsəfəsinin bariz nümunəsidir. İndiyəcən baş vermiş bütün soyqırımı aktlarına, işğallara da məhz erməni kilsəsi fitva verib.

Erməni kilsəsini xristian aləminin İŞİDi adlandırmaq olar. Hətta Azərbaycan xalqına qarşı soyqırımlara dini hökm verdiyinə, şəxsən iştirakına görə Ermənistanın ilk "milli qəhrəmanı" bütün ermənilərin katolikosu 1-ci Vazgendir.

Erməni kilsəsinin hazırda sülhə doğru atılan addımlara imkan verməmək cəhdi, sərhədlərin delimitasiyasına qarşı çıxması onların "böyük ermənistan" xülyasının biryolluq puç olması, silinməsinə etirazdır.

Din xadimi sülhə çağırmalıdır, savaşa və qana yox. Kilsənin Ermənistan siyasətinə belə aktiv qatılması, hətta dövlət çevrilişinə cəhd etməsi, ölkəni bir-birinə qatması keşişlərin indiyəcən dövləti necə barmağına doladıqlarını ifşa edir. Tamamilə səlibçi təfəkkürdə olan, anti-türk, anti-islam fəaliyyətləri ilə indiyəcən aramızda baş vermiş bütün savaşların əsas təhrikçisi olan erməni kilsəsi tamamilə erməni terrorunun ideoloji mərkəzidir.

Din adamları qana fitva verməz, qan yatırmalıdır. Din adamları müharibəyə yox, sülhə səs verər. Din adamları anarxiyaya, xaosa, işğala yox, barışa, humanizmə, mərhəmətə səsləyər... Ancaq biz erməni kilsəsini əzəldən bəri dini mərkəz yox, ilahi və insani prinsiplərdən tamamilə uzaq, tam siyasiləşmiş, radikal, terrora rəvac verən fitnə, şeytan yuvası olduğunun şahidi oluruq.

Erməni kilsəsinin tarix boyu dövlət içində gizli dövlət funksiyası, hökumətə təsir qüvvəsi, indi də hökuməti dəyişməyə qalxması Ermənistanın əslində yarı teokratik sistemlə idarə olunduğunu izhar edir. Paşinyanın bundan əvvəl də erməni kilsəsi ilə arasında yaranan münaqişə dövləti kilsədən xilas etmə cəhdi kimi qiymətləndirilə bilər. Əslində bu günlərdəki mitinqlər Qazaxın kəndlərinin qaytarılmasına, sərhədlərin delimitasiyasına etirazdan çox indiki Ermənistan hökumətinin kilsəni dövlət idarəçiliyindən, dərin dövlət funksiyasından məhrum etmə niyyətinə qarşı Qərb səlibçilərinin də xeyir-duası ilə baş verən üsyan, ayaqlanmadır.

Tural İrfan, MCP-nin sədr müavini


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla