AZ

Artan tələbat, çoxalan özəl baxçalar – Valideynlər seçim edərkən nəyə diqqət edir?

“Azərbaycanda məktəbəqədər təhsildə keyfiyyətlə yanaşı kəmiyyət problemi də var”.  

Bu sözləri Valyuta.az-a təhsil məsələləri üzrə ekspert Elmin Nuri son dövrlər ölkədə fəaliyyət göstərən özəl baxçalarının saylarının artmasının səbəbləri haqqında danışarkən deyib. 

Elmin Nurini sözlərinə görə, ölkədəki baxça yaşlı uşaqların dördündən birinin baxçaya getmək şansı var. Bu da ölkədə dövlət baxçalarının sayının azlığına görədir:

 “Lakin ümumi göstəriciləri nəzərə alsaq özəl baxçaların da sayı çox deyil.  2023-cü ilin statistikasına görə özəl baxça kimi qeydiyyatdan keçmiş 133 MMC var.  
Bu isə o qədər böyük rəqəm deyil. Ancaq onların 90 faizdən çox hissəsinin paytaxt Bakı, Abşeron və Sumqayıtda yerləşdiyini nəzərə alsaq,  digər regionların payına düşən özəl baxçaların sayı azdır. Bu MMC-lər isə öz filiallarının sayını artırır, səbəb isə həmin baxçalara olan tələbatdır.  Bu isə çox yaxşı haldır.  Çünki baxçalara yaranan tələbatı bu özəl baxçalar az da olsa ödəyə bilirlər”.  

Həmsöhbətimiz qeyd edib ki, baxçalar uşaqlarda şəxsiyyətin formalaşmasının ilkin bünövrəsi olmaqla bərabər baxçalar həm də valideynlər üçün bir iş imkanı da deməkdir:

“Belə ki, özəl dayə tutmağa imkanı olmayan və ya güvənməyən gənc ailələr övladlarını rahatlıqla baxçalara etibar edirlər. Baxçalar onlar üçün ən unikal vasitədir. Elə məhz bizdə baxçaların işləm funksiyası budur. Yəni baxçalar işləyən ata-ananaın övladlarını etibar etdiyi yerdir.  Baxçalarda tədris və təhsil isə ikinci gəlir. Baxçalarda təhslilin ilkin elementar fiqurları uşaqlara aşılanır. Lakin ilkin təhsil özəl baxçalardan fərqli olaraq dövlət baxçalarında güclü deyil. 

Özəl baxçanın isə istər təhsil, istər yuxu rejimi, istər yemək rejimi ilə bağlı xüsusi hazırlanmış proqramı olur və valideynlər də əvvəldən bu proqramlarla tanış olur. 

Özəl baxçaların valideynləri özünə cəlb edən başqa üstünlükləri də var. Belə ki, həmin baxçalarda kameraların qoşulması, valideynlərin övladlarını istədikləri vaxt izləməsi, çox uşağın olmaması onların üstünlüyü kimi görülür”. 

Özəl baxçalardakı qiymətlər haqqında da danışan ekspert deyib ki,  qiymətlərin ucuzlaşması üçün müəyyən stimullaşdırıcı addımlar atılmalıdır:

“Belə addımlar atılmasa özəl baxçaların qiyməti getdikcə daha baha olacaq. Bəli, bu gün özəl baxçalarda qiymətlər ürək açan deyil, amma istər vergi məsələlərində, istər digər məsələrdə özəl baxçaları işlədən sahibkarlara qarşı stimullaşdırıcı addımlar atılmalıdır. Onlar da dövlət dəstəyindən yararlanaraq qiymətləri daha əlçatan edəcək. Tam səmimi etiraf edim ki, hətta qiymətlər bu qədər yüksək olmasına baxmayaraq, özəl baxçaların sayında artım olacaq.  Çünki işləyən valideyn dövlət baxçasında yer tapmadığı üçün məcbur bu baxçalara yönəlir”. 

Elmin Nuri deyib ki, dövlət baxçalarının da sayının artırlması, daha çox uşaqların baxçalara cəlb edilməsi istiqamətində işlər görülməlidir:

“Baxça sayının artması əlavə binaların olması, nizamnamə yaradılması, işçi kontingentinin olması deməkdir. Yəni bu proses uzundur, amma buna baxmayaraq baxçaların sayı artmalıdır. Xarici ölkə nümunələri öyrənilərək tətbiq edilməldiir.  Məsələn, Qazaxıstan və Özbəkistanda gəzən baxça modeli var.  Məsələn uşaq sayı az olan bölgələrdə böyük vəsaitlər ayırmadan mini gəzən baxçalar qururlar. Düşünürəm ki, bizim regionlarda da bu modeli tətbiq etmək olar.

Çünki həmin ərazilərdə uşaqların baxça ilə təması yox vəziyyətindədir”. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla