AZ

Ermənistanı bürüyən mitinq DALĞASI: Paşinyana qarşı aksiyaların arxasında hansı qüvvə dayanır?

“Ermənistan hökumətinin hazırkı siyasəti Rusiyanın Cənubi Qafqazdakı strateji maraqlarına təhlükə törədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanı bürüyən mitinq dalğası və gözlənilən nəticələri dəyərləndirən politoloq Nəsimi Məmmədli deyib.

Nəsimi Məmmədli bildirib ki, Paşinyan iqtidarına qarşı bu etirazların arxasında Kremlin olması daha inandırıcı görünür.

Politoloq qeyd edib ki, hazırda Ermənistanda davam edən etirazların miqyası Paşinyan hökumətini istefaya məcbur etməyə yetərli deyil.

“Əgər etirazlar yüksələn xətlə davam edərsə, o zaman Paşinyan hökumətinin də cavab addımları atması istisna deyil. Paşinyan iqtidara gəldikdən sonra ona qarşı belə etirazlar bir neçə dəfə olub. Amma bu etirazlara Ermənistan cəmiyyətindən ciddi dəstək olmadığına görə proses nəticəsiz yekunlaşıb. Həm də nəzərə almaq lazımdır ki, artıq Ermənistanda demokratik seçki ənənəsi formalaşıb. Hakimiyyətin seçki ilə dəyişməsi imkanları var. Erməni xalqı zərurət bildikdə bu səlahiyyətindən istifadə edəcək. Paşinyan meydanlardan hakimiyyətə gəlsə də öz iqtidarını məhz seçki ilə mohkəmləndirib. Meydanlardakı lokal etirazlarla legitim iqtidarından imtina edəcəyini zənn etmirəm”, – deyə o əlavə edib.

N.Məmmədlinin sözlərinə görə, etirazların əsas təşkilatçıları revanşist qüvvələrdir:

“Bu qüvvələrin Ermənistan cəmiyyətində dəstəyi zəifdir. Onlar əsasən Qarabağ klanı və Rusiyaya bağlı siyasi qüvvələrdir. Təbii ki bəzi Qərb ölkələrindəki erməni diaspor təşkilatlarından da müəyyən dəstək alırlar. Ermənistan hökumətinin hazırkı siyasəti Rusiyanın Cənubi Qafqazdakı strateji maraqlarına təhlükə törədir. Ümumiyyətlə, Paşinyan iqtidarına qarşı bu etirazların arxasında Kremlin olması daha inandırıcı görünür.

Bu etirazlarla Paşinyanı qərbyönümlü siyasət kursundan imtinaya məcbur etməyin yaxud da istefaya göndərməyin mümkün olacağına inanmıram”.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
38
Mənbələr
Şərh ()
Bağla