AZ

Rusiyada yeni hökumətin başçısı KİM OLACAQ? - Bu il ilk dəfə olaraq...

Xəbər verdiyimiz kimi, mayın 7-də Vladimir Putin prezident andı içəndən dərhal sonra Rusiya hökuməti istefa verib. Rusiya lideri Dövlət Dumasına ölkənin Baş naziri vəzifəsinə Mixail Mişustinin namizədliyini təqdim edib.

 

“İndi Mişustin Baş nazirin səlahiyyətlərini icra edir”, - Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

 

Volodin qeyd edib ki, mayın 10-da Dövlət Dumasının deputatları Mişustinin vəzifəyə təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.

 

2024-cü ildə ilk dəfə olaraq Dövlət Duması hökumətin tərkibini formalaşdıracaq. Bu, 2020-ci ildə qüvvəyə minmiş yeni qaydalara əsasən baş verəcək.

 

Belə ki, yeni normalara əsasən, baş nazir, baş nazirin müavinləri və əksər nazir yerlərinə namizədlər Dövlət Duması tərəfindən təsdiqlənəcək.

 

Bu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyinin daxil olduğu “təhlükəsizlik bloku”na təsir etməyəcək.

 

Prezident onların rəhbərlərini yalnız Federasiya Şurası ilə məsləhətləşmələrdən sonra təyin edəcək.

 

Dövlət Dumasının deputatı Dmitri Qusev bildirib ki, yeni hökumətin formalaşdırılması 2-3 həftə ərzində başa çatacaq.

 

Baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Mixail Mişustin kimdir?

 

Sfera.az bildirir ki, Mixail Mişustin 3 mart 1966-cı ildə Moskvada rus-yəhudi əsilli atanın oğlu olaraq dünyaya göz açıb. Anası rus olan Mixail 1989-cu ildə “STANKİN”i sistem mühəndisliyi ixtisası üzrə bitirib, 1992-ci ildə isə həmin İnstitutun aspiranturasını tamamlayıb. Aspiranturanı bitirdikdən sonra sınaq laboratoriyasının direktoru vəzifəsində işləməyə başlayıb. Daha sonra ictimai qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Kompüter Klubunun (ICC) Direktorlar Şurasının sədri olub. Haşiyədən kənara çıxaraq qeyd etməliyik ki, Rusiyanın müstəqil KİV-ləri Mişustinin yarı erməni əsilli olduğunu da yazıblar. Belə ki, Mişustinin anasının erməni olduğu bildirilib. Sonradan bu məlumat əksər KİV-lər tərəfindən tirajlanıb və təkzib olunmayıb.

 

Mixail Mişustin 1998-ci ildə dövlət qulluğuna daxil olub. Daha sonra o, Rusiya Federasiyasının vergilər və rüsumlar üzrə nazirinin müavini, Rusiya İqtisadi İnkişaf Nazirliyinin Federal Kadastr İdarəsinin rəisi və Xüsusi İqtisadi Zonaların İdarə Edilməsi üzrə Federal Departamentinin rəhbəri vəzifələrində çalışıb. O, 2008-ci ildə dövlət qulluğundan ayrılaraq investisiya sahəsinə qayıdıb.

 

2009-cu ilin fevralında Mixail Rusiya Prezidentinin kadr ehtiyatına daxil olub. 2010-cu ildə Mixail Mişustin Federal Vergi Xidmətinin rəhbəri təyin edilib. Mişustin vergi orqanları ilə biznes və vətəndaşlar arasında qarşılıqlı əlaqənin sadələşdirilməsini dəstəkləyib. İnsanların işinin rahatlığı və korrupsiyaya qarşı mübarizə üçün Mişustin bildirib ki, Federal vergi xidmətində mümkün qədər elektron xidmətləri inkişaf etdirməyi planlaşdırır.

 

2020-ci il yanvarın 15-də Dmitri Medvedevin istefası ilə boş qalan baş nazir postuna Rusiya Prezidenti Vladimir Putin tərəfindən Mişustinin namizədliyi irəli sürülüb və həmin tarixdə baş nazir postuna seçilib.

 

İqtisadiyyat elmləri doktoru olan Mişustinin üç övladı var. Onun buzlu xokkeydə də iddialı olduğu və bu oyunu həvəskar kimi oynadığı bildirilir.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla