AZ

Heydər Əliyev ideyaları dövlətçiliyimizin möhkəm bünövrəsidir



Bu il bütün dünya azərbaycanlıları Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyini sonsuz sevgi və böyük ehtiramla qeyd edirlər. Ümummilli Liderimizin Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı qarşısında olan müstəsna xidmətləri ən yeni tariximizin hər günündə, əldə olunan nailiyyətlərdə, ölkəmizin hər bir uğur və qələbəsində qabarıq şəkildə öz əksini tapır.

Ulu Öndər Heydər Əliyev iki fərqli tarixi dövrdə Azərbaycana rəhbərlik etmişdir. Qeyd olunmalıdır ki, bu iki tarixi mərhələnin hər biri – istər 1969-1982-ci illəri əhatə edən sovet dönəmi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi rəhbərin həyat amalının, xalqa və dövlətçiliyimizə xidmət edən ideyalarının təntənəsidir. Hələ hakimiyyətinin birinci dövründə Ulu Öndər Azərbaycanın müstəqil gələcəyini düşünərək bu müstəqilliyin əldə olunması və əbədi olması üçün biri-birindən mühüm addımlar atmışdır.

Heydər Əliyev dühası hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş SSRİ-nin ən geridə qalmış mənsubundan qabaqcıl respublikaya çevirmişdir. 1969-1982-ci illərdə Ulu Öndər özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə ölkə rəhbərliyinə gəlişi ilə müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Məlum olduğu kimi, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və bununla da ölkənin müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən həmin dövrdə formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən də erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Heydər Əliyev xalqın israrlı dəvətini qəbul etdi, bununla da Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu.

Artıq dördüncü ildir ki, Azərbaycan xalqı öz xilaskar oğlu Ümummilli Lideri Heydər Əliyevin doğum gününü qalib ölkənin qalib xalqı olaraq qeyd edir. Bu il isə, ilk dəfə bu tarixi gün artıq ölkəmizin istisnasız olaraq bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qeyd olunacaq.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2003-2020-ci illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımları atdı. Görülən tədbirlər nəticəsində Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 2020-ci ildə tarixi Qələbə ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. 2023-cü ilin sentyabrında isə Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
Mənbələr
Şərh ()
Bağla