AZ

87-ci dünya çempionatı başlayır

Yaşlı idman azarkeşlərinin sevə-sevə izlədiyi turnirlərdən biri – hokkey üzrə dünya çempionatına start verilir. Çexiyanın iki şəhərində – Praqa və Ostravada mayın 10-dan 26-dək ən güclü hokkey komandaları mübarizə aparacaq. Bu il də Rusiya və Belarus yığmaları Ukrayna müharibəsinə görə çempionatda iştirak edə bilməyəcək.

Bu dünya çempionatı Beynəlxalq Hokkey Federasiyasının rəhbərliyi altında keçiriləcək 87-ci belə turnirdir. Turnirə İsveçrə – Norveç və Slovakiya – Çexiya oyunları ilə start veriləcək. Qrup oyunları mayın 21-də yekunlaşacaq.

1/4 final mərhələsinin oyunları mayın 23-də , yarımfinallar 25-də, 3-cü yer uğrunda və final oyunu isə bazar günü , mayın 26-da olacaq.

Praqadakı “O2” arenası 2004-cü ildə inşa edilib. Arenanın tutumu 17 383 nəfərdir. Ostravadakı “Ostravar Arena” isə 9779 azarkeş qəbul edə bilir.

Çempionatda 16 komanda iştirak edəcək. Onlar iki qrupa bölünüb. Ev sahibi və keçən çempionatın 13 komandasına birinci divizionda qalib gələn Böyük Britaniya və Polşa qatılıb.

Çexiya və son dünya çempionu Kanada A qrupunda mübarizə aparacaq. Onların yanında Finlanidya, İsveçrə , Danimarka, Norveç, Avstriya və Böyük Britaniya var. B qrupunda İsveç, ABŞ , Slovakiya , Almaniya, Latviya, Fransa , Qazaxıstan və Polşa mübarizə aparacaq. Hər qrupun 4 ən güclüsü 1/4 finala yüksəlir.

Dünya çempionatının favoriti Kanada millisidir. Heyətdə MHL-in ən bahalı qapıçısı Cordan Binninqton var. 3 il əvvəl draftda bir nömrə ilə seçilən Ouen Pauer komandanın əsas ulduzlarındandır. 18 yaşlı Konrad Bedard gələcəyin ulduzlarından sayılır.

ABŞ millisinin heyəti Kanadadan daha güclüdür. Komandanın meneceri Bil Gerin ulduz və gənclərdən ibarət heyət yığa bilib. Set Cons, Zak Verenski, Bredi Tkaçuk, Koul Kofild, Mett Boldi və digərləri hokkey həvəskarlarına yaxşı tanışdır.

Ən güclü heyət isə İsveçdədir. Keçən il fiaskoya uğradıqdan sonra MHL-də oynayan ulduz hokkeyçilərdə vətənpərvərlik hissi baş qaldırıb. “Tre Krunur” çempionata bir nömrəli favorit kimi yollanır. 12 illik fasilədən sonra Erik Karlson yenidən dünya çempionatına gəlir. O, dünya hokkeyinin ən bahalı 5 oyunçusundan biridir. Karlsonla birlikdə Rasmus Dalin və Viktor Hedman da mundiala qayıdır. Heyət tam formalaşmayıb. Hazırkı heyətdə artıq okeanın o tayında oynayan 18 nəfər var. Bu da komandanın gücündən xəbər verir.

Əlavə edək ki, növbəti dünya çempionatı İsveç və Danimarkada keçiriləcək.

İLQAR AĞAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla