AZ

Həsən Əliyev: “Parisdə 5 lisenziyaçımızın 5-i də medal qazana bilər”

“Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirindən fərqli, idmançılarımız İstanbulda yaxşı nəticə qazandılar”.

Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsən Əliyev deyib.

O, İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində lisenziya əldə edən “klassiklər”imizin çıxışını dəyərləndirib. Əliyev bildirib ki, turnirin bu cür olacağı gözlənilən idi: “Əvəzlədiyimiz güləşçilər özlərini yaxşı tərəfdən göstərdilər. Heyətdə Murad Əhmədiyevdən (97 kq) başqa, hər kəsi dəyişmişdik və bu da gözləntilərimizi doğrultdu. Bundan sonra artıq Olimpiya oyunlarına yaxşı hazırlaşıb, orada da medal qazanmaq lazımdır. Murad da lisenziyanı təmin edə bilərdi. Lakin bir xırda səhvi onu vəsiqədən məhrum etdi. Murad gənc güləşçidir və bu, normalıdır. Yəni kifayət qədər təcrübəsi yoxdur. O, özünü yeni-yeni göstərəməyə başlayıb. İnanıram ki, üzərində işləyib təcrübə toplasa, gələcəkdə iştirak edəcəyi yarışlarda kifayət qədər nəticə verə bilər. Qalan güləşçilərimiz isə sözün əsl mənasında, yaxşı vuruşdular və bizi sevindirdilər”.

Çalışdırıcı bildirib ki, növbəti hədəf Bakıda mayın 20-də start götürəcək U-23 Avropa çempionatı, ardınca Paris-2024-də yaxşı nəticə əldə etməkdir: “Bu yarış bizim üçün çox vacibdir. Əlimizdən gələni edib özümüzü göstərməyə çalışacağıq. Daha sonra Paris-2024 Yay Olimpiya Oyunlarına köklənəcəyik. Olimpiadada 5 lisenziyaçımızın 5-i də medal qazana bilər. Bunu tam səmimiyyətimlə deyirəm. Çünki hər biri fəxri kürsüyə yüksəlmək gücündədir. Çalışacağıq ki, hər bir lisenziyada medalı təmin edək. Əsas odur ki, zədə problemi ilə qarşılaşmayaq. Parisdə güləşçilərimizin bizi sevindirəcəyinə inanıram”.

Qeyd edək ki, İstanbulda yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Onlardan öncə Həsrət Cəfərovla (67 kq) Sənan Süleymanov (77 kq) da bu hüquqa yiyələnib.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla