AZ

Yaz ətirli poeziya

Bu gün Xalq şairi Musa Yaqubun doğum günüdür

Bakı, 10 may, AZƏRTAC

Musa Yaqubun yaradıcılığında qəribə bir cəhət var. O, bir çiçəkdə, bir güldə, bir ağacda, bir bulaqda, bir çayda bütün təbiəti görmək, dərk etmək və onun bədii təsvirini verək qabiliyyətinə malik idi. Bu, Musa Yaqubun yaradıcılığının zərif mənbələrdən qidalanmaq imkanları ilə bağlı idi. Musa Yaqub xırda bir zərrədə bütün kainatı görə bilirdi. Bu sözlər akademik Nizami Cəfərovun Musa Yaqub yaradıcılığı ilə bağlı fikirlərində yer alıb.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Musa Yaqubun anadan olmasının 87-ci ildönümü tamam olur.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində dünyaya göz açıb. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin direktoru olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib.

1995-2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2004-cü ildən sonra bir müddət bir sıra ictimai təşkilatda təmsil olunub.

Musa Yaqub 24 may 2019-cu ildə Xalq şairi fəxri adına layiq görülüb.

2021-ci il mayın 7-də vəfat edən Xalq şairi doğulduğu Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Söz yox ki, Azərbaycan poeziyasında öz dəst-xətti, fərqli üslubu olan, hər kəsin yaradıcılığına sonsuz məhəbbət bəslədiyi Musa Yaqub şair kimi heç vaxt unudulmayacaq. Çünki Musa Yaqub təbiətə və insanlara sevgisindən doğan şeirlərilə könüllərə köçərək, ədəbiyyat tarixində silinməz izlər buraxıb.

Dünyanın adi daşı ilə insan dilində danışmağı bacarmış şair necə yaddan çıxa bilər...

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb,

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

Onu “Bu dünyanın qara daşı göyərməz” şeiri məşhurlaşdırdı. Təsadüfi deyil ki, bu şeirinə 80-dən çox nəzirə yazılıb.

Musa Yaqub İsmayıllının, Cənubi Qafqazın dağlarını, dərələrini, çaylarını, gülünü, çiçəyini ən səmimi şəkildə, parlaqlığı ilə, gözəlliyi ilə təsvir etmiş böyük bir sənətkardır. O, öz yaradıcılığında insanı da təbiətin tərkib hissəsi kimi, təbiətlə vəhdətdə təqdim edib. Musa Yaqub özündən sonra çox böyük, anlaşılan və sevilən poeziya qoyub gedib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla