Ukrayna ordusu Belqorod şəhərini yenidən raket atəşinə tutub.
"Cebhe.info" xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
O bildirib ki, hücum nəticəsində 11 yaşlı qız da daxil olmaqla 8 nəfər yaralanıb:
“Hazırda şəhərdəki 19 çoxmənzilli binada 34 mənzil, eləcə də 37 avtomobil zərər görüb”.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, hava hücumundan müdafiə sistemlərinin “RM-70” reaktiv yaylım atəş sistemi ilə atılan 15 raketlə bir pilotsuz uçuş aparatını məhv etdiyi qeyd edilib.
Həmçinin Ukrayna sərhədinə yaxın Kursk bölgəsində 3, Bryansk bölgəsində isə 2 pilotsuz uçuş aparatının vurulduğu bildirilib.
Rusiyaya intensiv hava hücumları həyata keçirən Ukrayna ordusu Krasnodar bölgəsindəki yanacaq anbarını da hədəfə alıb.
Yerli administrasiyadan verilən açıqlamada, məhv edilmiş 6 pilotsuz uçuş aparatının hissələrinin Yurovka kəndi yaxınlığındakı anbara düşdüyü, yanğın nəticəsində bir neçə tankın zədələndiyi, hücumda xəsarət alanın olmadığı bildirilib.
Hücumlarla bağlı Ukraynadan hələlik heç bir açıqlama verilməyib.