AZ

"Yelo Bank" ASC-dən müştərilər niyə NARAZIDIR? - Vətəndaşların başına belə oyun AÇILIR - DİQQƏTLİ OLUN!

Ölkə başçısının həyata keçirdiyi siyasətin təməlində hər bir Azərbaycan vətəndaşının sosial rifahının və həyat səviyyəsinin yaxşılaşdırılması prinsipi dayanır. Elə bu istiqamətdə də bir çox mühüm addımların atıldığının şahidi oluruq. Lakin bəzən bir çox qurumlarda işçilərin və ya rəhbərliyin səhlənkarlığı və göstərilən etimadı doğrultmaması nəticəsində vətəndaşların incidilməsi hallarına da rast gəlinir.


Təəssüflər olsun ki, bu gün bəzi qurumlar, eləcə də bank sektorlarında vətəndaşların narazı qaldığı bir və ya bir neçə haqsızlıqlar olur. Belə ki, bu banklar bəzən müəmmalı əməliyyatlarda, bəzənsə göstərdikləri qeyri-peşəkar xidmətləri ilə vətəndaşların nifrətini qazanmağa davam edirlər. Bu banklardan biri də “Yelo Bank”dır.


Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) mühüm vəzifələrindən biri maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınıb. 2024-cü ilin fevral ayında Azərbaycanda ən çox şikayət edilən bank siyahısında 2,54 indeksi ilə "Yelo Bank" (Azərbaycan) ASC 7-ci seçilib. 2023-cü ildə isə bu siyahının 6-cı pilləsində qərarlaşan “Yelo Bank” ardıcıl 4 ildir ki, ilk onluqdan çıxmaq niyyəti yoxdur.


Hazırda Azərbaycanda 2-si dövlət bankı olmaqla və 21 kommersiya bankı fəaliyyət göstərir. Deməli, ümumilikdə ölkədə 23 bank fəaliyyət göstərir və bu banklar içərisində 4 ildir ilk onluqda qərarlaşmaq olduqca yuxarı şikayət indeksindən xəbər verir. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir. Lakin "Yelo Bank" ASC-nin bu siyahıda ilklərdə seçilməsi heç də təsadüfi deyil. Çünki yaxın keçmişə nəzər saldığımız zaman bu bankla bağlı vətəndaşların kifayət qədər şikayət və narazılığı olduğunu görə bilərik.


“Yelo Bank”la bağlı redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, banka olan kredit borcunu ödəsə də, onun borcunun üzərinə faiz gəlir: “Ödənişi etdim, iki gün sonra isə baxdım ki, hələ də faiz borcu hesablanır. Əlimdə qəbzlə bankın filalına yaxınlaşdıqda isə uzun müddət məni gözlədib daha sonra isə rəhbərliyin burda olmadığını deyərək sabah yaxınlaşmağımı istədilər”.


Vətəndaş qeyd edir ki, uzun müddətdən sonra borcu ödədiyini sübut etsə də, bank rəhbərliyi ona faiz hesablanan borcun silinəcəyini deyib. Lakin 2 aydan çoxdur ki, pul silinmir və hər həftə vətəndaşın mobil telefonuna bankdan borcunu ödəməli olduğu deyilən bir mesaj gəlir.


Məsələyə bir az geniş aspektdən yanaşsaq deyə bilərik ki, Azərbaycanda fəaliyyət göstərən bu bankın adı zaman-zaman həm mətbuatda, həm də sosial şəbəkələrdə bir sıra vətəndaş narazılığı və maliyyə problemlərində hallanır. Xidmətlərin göstərilməsi sahəsində, xüsusi ilə də maliyyə sektoru ilə bağlı istehlakçılar tərəfindən bankların özlərinə və ya Mərkəzi Banka təklif, ərizə və şikayətlərin təqdim olunması normal təcrübədir. Lakin bu fərq ortalamanı keçdiyi zaman təəssüf ki, bunu deyə bilmirik.

 

Məsələ burasındadır ki, birbaşa Rusiyadan maliyyələşən “Yelo Bank”ın irəliləyən zamanlarda başının ciddi mənada problemlərdə olacağını deyə bilərik. Belə ki,  Rusiyaya qarşı Qərb tərəfindən sanksiyalar tətbiq olunması ilk növbədə ölkənin Mərkəzi Bankında yaradacağı problemlər azmış kimi, irəliləyən zamanlarda maliyyə probleminin Azərbaycanda fəaliyyət göstərən “Yelo Bank” ASC-yə təsirsiz ötüşəcəyi istisna edilmir.


Nəzərinizə çatdırmaq istrəyirik ki, sözügedən bank nəinki qanuni, həm də qanunsuz yollarla borc qaytarmaq üzrə yerli liderlər sırasındadır. Belə ki, bu banklar qanunsuz fəaliyyət göstərən kollektorlarla yanaşı, həmçinin bəzi hüquq-mühafizə orqanlarından da kollektor kimi istifadə etməkdən çəkinmirlər.


“Yelo Bank”ın əsas səhmdarları Rusiya vətəndaşları Vahid Ələkbərov və Marina Kulişovadır. Hazırda isə həm “Yelo Bank”ın, həm də onun maliyyədarlarının durumu heç də ürəkaçan deyil. Bu baxımdan sözügedən bankın başına hər an, hər şey gələ bilər.


“Yelo Bank”ın tək problemi maliyyə ilə bitmir. Belə ki, Azərbaycanda bu bankla bağlı vətəndaşların kifayət qədər şikayəti və narazılığı var. Adı zaman-zaman müxtəlif qalmaqallarda və problemli əməliyyatlarda hallanan, azərbaycanlı milyarder, Rusiya vətəndaşı Vahid Ələkbərova mənsub olan "Yelo Bank”ın adının tez-tez şikayət və müştəri narazılığında görə bilirik.


Buna redaksiyamıza gələn müraciətlər daxil olmaqla, zaman-zaman sosial şəbəkələrdə yayılan məlumtları misal (Növbəti xəbərlərdə şikayətlər, narazılıqlar və pul köçürmələri ilə bağlı "Yelo Bank" ASC-nin vətəndaşların başına açdığı işlər və pulsuz verilən kartlardan nağdalaşdırma zamanı tutulan fantastik məbləğdə kommisiyalar göstəriləcək) çəkə bilərik.


Bunu da qeyd edək ki, “Yelo Bank” 2024-cü ilin ilk rübündə əmanət portfelinin 35%-ni itirib. Bu ilin ilk rübündə bankın depozit portfeli 454,8 milyon manat azalaraq 837,2 mln. manata enib. İlin əvvəlində bu rəqəm 1 mlrd. 292 mln. manat olub.


Kəskin azalmaya səbəb şirkətlərin bankdan böyük həcmdə vəsaiti çıxarması olub. Belə ki, hüquqi şəxslərin bankdakı əmanətləri ilin ilk üç ayında 720,6 milyon manatdan 213,8 milyon manata enib. Bu isə portfelin 506,2 milyon manat azalması deməkdir. Bu dövrdə əhalinin bankdakı əmanətlərinin 571,4 milyon manatdan 623,48 milyon manata yüksəlməsi ümumi portfel üzrə kəskin azalması nisbətən kompensasiya edib.


Sözügedən bank qalmaqallı köçürmələr və kredit borcları ilə bağlı yaranan anlaşılmazlıqların səbəbini texniki problemlərin üzərinə ataraq məsuliyyətindən boyun qaçırsa da, müştərilərin və vətəndaşların itirilmiş güvənini yenidən qazana biləcəkmi? Təəssüflər olsun ki, xeyr. 


Məlumat üçün qeyd edək ki, bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “Yelo Bank” ASC-yə qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xəbər yenilənəcək...


Aqil Qarayev

Referans Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla