AZ

Azərbaycan-Slovakiya münasibətləri yeni mərhələyə daxil olur

Son illərdə qarşılıqlı münasibətlərdə dinamizmi ilə fərqlənən Azərbaycan-Slovakiya münasibətləri bu ölkənin Baş Naziri Robert Fitsonun ölkəmizə səfəri və bu zaman əldə edilən razılaşmaların miqyası ilə yeni mərhələyə qədəm qoymuşdur. Xüsusilə Avropanın 8- ci ölkəsinə təbii qaz ixracında formalaşmış “Həmrəylik halqası” nda növbəti ölkənin Slovakiyanın olacağını da nəzərə alsaq qarşılıqlı münasibətlərdə yeni mərhələnin miqyası daha aydın görünür.

Ölkələrimiz arasında münasibətlərin tarixinə gəldikdə isə deməliyik ki, Slovakiya ölkəmizin müstəqilliyini 24 yanvar 1992- ci ildə tanımış, ikitərəfli diplomatik münasibətlər isə 23 noyabr 1993- cü ildə qurulmuşdur.

Slovakiyanın ölkəmizdə səfirliyi 01 oktyabr 2019- cu ildən, Azərbaycanın bu ölkədəki səfirliyi isə 28 iyul 2023- cü ildən fəaliyyət göstərir . İkitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin Slovakiya Respublikasına 18 mart 2024- cü il tarixli səfəri mühüm rol oynamışdır. Bununla da ölkəmizdə Slovakiya şirkətləri bir çox layihələrin həyata keçirilməsində fəal işə qoşulmuş, enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Yeri gəlmişkən, Milli Məclisdə 13 dekabr 2005- ci ildə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir.

Rusiya-Ukrayna müharibəsindən sonra Şərqi Avropa ölkələrini yanacaqla təminatında yaranmış fəlakətli vəziyyətdən çıxaran Azərbaycan olmuş, Avropaya təbii qaz təchizatı 2021- ci ildəki 8 milyard kubmetrdən 12 milyard kubmetə keçəcəkdir ki, bu da ölkəmizin ümumi qaz ixracının 50 faizini təşkil edir. Hətta 2027- ci ilin sonunadək Avropa məkanına təbii qaz ixracı 20 milyard kubmetri hədəfləyir.

Ölkəmizdə genişmiqyaslı külək və günəş enerji stansiyalarının inşa olunması ilə qaza qənaət imkanı yaranacaq ki, bu da Avropa ölkələrinin ehtiyacının ödənməsinə həlledici töhfə olacaqdır. Bundan başqa Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd“ konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Ölkələrimiz arasında ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda bu yaxınlarda imzalanmış aşağıdakı Azərbaycan-Slovakiya sənədləri strateji əhəmiyyəti ilə seçilir:

“Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”;

“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”.

İmzalanmış Azərbaycan-Slovakiya sənədləri iki ölkə arasındakı əlaqələri yeni mərhələyə yüksəltməklə, Azərbaycanın Avropa üçün vazgeçilməz qeosiyasi aktyor olaraq nüfuzunu daha da artıracaqdır.

Həsən Bayramov

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü İcmanın Binəqədi rayon nümayəndəsi, Pedaqogika elmləri doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki

 

                              

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
1
Mənbələr
Şərh ()
Bağla