AZ

Məktəblərin "Evdə təhsil" proqramı yeyinti üsuluna çevrilib...

Image

Son illər “Evdə” fərdi təhsil genişlənib və xeyli sayda şagird bu proqramdan yararlanmaq imkanı əldə edib. Bu proqrama, əsasən hərəkəti məhdud olan şagirdlər cəlb edilir. “Evdə” fərdi təhsilin imkanları genişləndikcə burada neqativ hallara, sui-istifayə yol verildiyi barədə də iddialar var.    

Məsələn, Sumqayıt şəhər "Evdə" fərdi təhsil məktəbində yol verilən qanunsuzluqlar barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Sumqayıtda baş verən bu hadisə Azərbaycanda “Evdə” fərdi təhsilin problemini gündəmə gətirib. 

Azərbaycanda xüsusi məktəblər var ki, “Evdə” fərdi təhsil işini həyata keçirirlər. Amma bəzi hallarda uşaqların adları məktəbə yazılsa da, onlara dərs keçilmədiyi barədə söz-söhbətlər eşidilir.

Bu işlə xüsusi dövlət məktəbi məşğul olur. 

Bu sahədə real vəziyyət necədi, qanunvericilikdə nələr var? “Evdə” fərdi təhsilin çatışmayan cəhətləri nədir? Doğrudanmı, uşaqlara gəlib evdə dərs keçilmir? Nöqsan varsa burada direktorlarının məsuliyyəti nə qədərdi?

Məzahir Məmmədli: “...Direktorlar üçün ən çox qazanc gətirən iş budur” 

Təhsil mütəxəssisi Məzahir Məmmədli “Bakı-Xəbər”ə “Bilirsiz də, ümumtəhsil məktəblərində direktorlar üçün ən çox qazanc gətirən iş budur. Yəni bəzi vaxtlar xəstə uşağı məktəbə gətirirlər ki, ona əlavə müəllim ayırmasınlar, müəllimləri məşğələlərə, tədrisə cəlb etməsinlər. Bəzən isə əksinə olur, sağlam uşağı “xəstə” adı ilə qeydiyyata alırlar. O sağlam uşaq da gedib repititor yanında məşğul olur, hazırlaşır, amma onun üçün eyni zamanda ayrıca müəllimlər də ayırırlar ki, gedib həmin uşaqla evində məşğul olsun və dərs saatını onunla kompenssiya etsinlər, düzəltsinlər. Məktəb direktorları üçün burada münbit mühit odur ki, onlar dərs bölgüsü vaxtı bir az davamiyyəti zəif,  yaxud başqa işi olan müəllimləri “Evdə” fərdi təhsilə cəlb edirlər ki, dərsdən yayınsınlar və qazandıqlarını direktorla bölsünlər. Əslində, onlar qanunla sağlamlıq imkanları məhdud olan uşaqlara evdə dərs keçməlidirlər”-deyə bildirdi. 

Elşən Qafarov: “Xüsusi təhsillə bağlı problemlər o qədər böyük, o qədər ciddidir ki, bu sahədə hüquqi normativ baza sıfır səviyyəsindədir” 

Tanınmış təhsil mütəxəssis Elşən Qafarovla da mövzu ətrafında danışdıq. E.Qafarov “Bakı-Xəbər”ə “Evdə” təhsil xüsusi təhsilin bir istiqamətidir. “Xüsusi təhsil Azərbaycan Respublikasında xüsusi təhsil müəssisələrində “Evdə” fərdi təhsil, inklüziv təhsil, stosionar təhsil və inteqrasiya təhsil vasitəsilə həyata keçirilir. Xüsusi təhsillə bağlı problemlər o qədər böyük, o qədər ciddidir ki, bu sahədə hüquqi normativ baza sıfır səviyyəsindədir. Xüsusi təhsillə bağlı dövlət standartları müstəqilliyimizin elan olunmasından 33 il keçəndən sonra 2024-cü ilin fevralında qəbul edildi. Xüsusi təhsildə qiymətləndirmə yoxdur. Konkret gələk  “Evdə” təhsilin təşkili məsələsinə. Qanunvericiliyə görə, bu təhsil forması sağlamlıq vəziyyətinə görə ümumtəhsil məktəblərində sinifdə otura bilməyən şəxslərin müvafiq təhsil müəssisələri tərəfindən müvafiq təhsil proqramları üzrə “Evdə” təhsilin təşkil olunmasıdır. Şəhər yerlərində “Evdə” təhsil məktəbləri var. Barəsində danışılan o məktəbdə  ki böyük yeyinti faktı aşkarlanıb, burada 250 min manat yazılıb, amma bu çox az rəqəmdir. “Evdə” təhsil məktəblərinin hər birində  bundan 4-5, 10 dəfə artıq yeyintilər var. Uzun illər təhsili idarə etmə orqanlarının, hələ rayon təhsil şöbələrinin vaxtında rayon icra hakimiyyətlərinin əsas “yeyinti” yerlərindən biri də “Evdə” təhsil idi.

“Evdə” təhsilin təşkili qaydaları Nazirlər Kabinetinin  10 may 2002-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiqlənib. O qərar 22 il əvvəl - 2002-ci ildə qəbul olunub, amma o qərar bugünkü təhsilə uyğunlaşmır. Qərar özü özünü təkzib edir. Nəinki “Evdə” təhsil, ümumiyyətlə bizdə təhsil sahəsində qəbul olunan hüquqi normativ sənədlərdə ciddi boşluqlar, çatışmazlıqlar var. Onlardan biri də “Evdə” təhsilinin təşkili qayalarıdır. 

“Evdə” təhsilin ən böyük problemləri hansılardır?

Birincisi, “Evdə” təhsilə yol verən xəstəliklərin siyahısı var. Bu xəstəliklərin siyahısı o qədər məhdudlşdırılıb ki, bu gün xüsusi təhsilə, “Evdə” təhsilə cəlb olunmalı olan insanların böyük əksəriyyəti ümumtəhsil məktəblərinə gəlir. Nəticə etibarı ilə bir sağlamlıq imkanları məhdud olan uşaq  o sinifdə olan 25-30 uşağın təhsil almaq hüququnu 11 il ərzində məhv edir, imkan vermir”-deyə bildirdi. 

E.Qafarov xatırlatdı ki, artıq bir neçə ildir regional təhsil idarələri yaradılıb, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən  psixoloji-tibbi-pedoqoji komissiya yaradılıb, xüsusi təhsildə oxumaq üçün mütləq psixoloji, tibbi, pedaqoji komissiyanın qərarı olmalıdır. “Artıq regionallar səviyyəsindədir və o da əlavə problemlər, əlvaə yol, əlvaə vaxt tələb edir. Bu da valideynlər üçün çox ciddi problemlər yaradır. “Evdə” təhsil iki proqram əsasında - xüsusi və ümumi  təhsil proqramı əsasında həyata keçirilir. Ümumiyyətlə, sağlamlıq imkanları məhdud olanlar fiziki çatışmazlığı, əqli geriliyi və xüsusi ləngiməsi olan şəxslərdir. Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarında onların xüsusi təhsil proqramı, yaxud ümumitəhsil proqramı ilə təhsilə cəlb olunması ilə bağlı göstərilir ki, bu cür şəxslər ümumtəhsil proqramı ilə təhsilə cəlb olunursa onların qiymətləndirilməsi məktəbdə olan uşaqların qiymətləndirilməsi ilə eyni qaydada aparılır. Onlar da buraxılış imtahanlarına gedirlər, yekun attestasiyada iştirak edirlər və ümumtəhsil məktəblərində olan uşaqların aldığı dövlət nümunəli sənədi alırlar. Amma xüsusi təhsil proqarmı üzrə oxuyanların qiymətləndirmə məsələsi yoxdur, onlara Sovet dövründən qalma formada “ağ atestat” verilir. Hətta o tip şagirdlərin təhsil alması ilə bağlı elə ciddi bir hüquqi normativ sənəd də yoxdur”-deyə bildirən E.Qafrov xüsusi təhsil sahəsində müəllimlərin əməkhaqqı məsələsinə də toxundu. O vurğuladı ki, bir xüsusi təhsil müəssisəsində çalışan müəllimlər var, bir də stosionar təhsildə xüsusi təhsil proqramı üzrə təhsil verən müəllimlər, sonuncuların əməkhaqqına 50 faiz əlavə olunur. “Daha sonra inteqrasiya   təlimi təhsilində, inklüziv təhsildə 15 faiz əlavə olunur. Amma “Evdə” tədrisdə işləyən müəllimlərin əməkhaqqına heç bir əlavə olunmur. Bu da bir problemdir.  Qaydalarda göstərilir ki, “Evdə” təhsillə bağlı bütün məsələlərə sinif rəhbərləri  cavabdehdir. Hansı sinifdə ki şagirdin adı jurnalda gedir, amma özü evdə təhsil alır, biz görürük ki, həmin sinif rəhbərinin evdə təhsil alan şagird haqda heç bir məlumatı yoxdur. Nəticə etibarı ilə orta məktəb rəhbərləri valideynlərlə razılaşırlar. Halbuki, cədvəl üzrə orada 1-ci sinifdən başlayaraq 8 saat həftəlik dərs saatı var, 11-ci sinfə qədər dərs saatının miqdarı 13 saata qədər artır. Bu dərslər tam keçilmir, tədris olunmur, nəticə etibarı ilə müəllimlər ən yaxşı halda direktorla 50-50-yə işləyirlər. Yəni aldıqları əmək haqqının 50 faizini direktora verirlər. Çox böyük maliyyə mənimsəməsi olan təhsil müəssisələrindən biri xüsusi təhsil müəssisələridir, daha doğrusu, “Evdə” təhsil məktəbləri və yaxud evdə təhsilin özüdür. Bu sahədə çox ciddi problemlər var. İllərdir bu problemlər üst-üstə yığılıb. Düşünürəm ki, ölkə üzrə “Evdə” təhsil məktəblərini yoxlasalar çox nöqsanlar çıxar. Əsasən də şəhər yerlərindəki məktəblərdə. Bu məktəblər Bakıda, Sumqayıtda və digər iri şəhərlərdədir. Çünki bu təhsil şəhər yerlərində “Evdə” təhsil məktəbləri vasitəsilə, kənd və qəsəbələrdə isə ərazilərdə olan ümumtəhsil məktəblərində həyata keçirilir. Bütün hallarda evdə təhsilin təşkili qaydalarında çox ciddi boşluqlar var. Evdə təhsilin təşkilinin özü, evdə təhsilin qiymətləndirilməsi, evdə təhsildə tədrislə məşğul olan müəllimlərin əməkhaqqısı ilə bağlı çox böyük, ciddi problemlər var. Çox təəssüflər olsun ki, illərdir bu problemlərin həlli ilə bağlı hər hansı bir addım atılmır”-deyə E.Qafarov bildirdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
Mənbələr
Şərh ()
Bağla