AZ

Azərbaycan futbolunun canlı əfsanəsi

Lev Yaşin Ələkbər Məmmədovu əsl hücum lideri adlandırmışdı

Ötən əsrin 90-cı illərinin sonu və ya 2000-ci illərin əvvəli idi. Axşam işdən çıxıb, evə gedərkən redaksiyamızın yerləşdiyi Bülbül prospektində Ələkbər Məmmədovla qarşılaşdıq. Qoltuğunda bir yığın qəzet-jurnal vardı.  Adətən, belə görüşlər zamanı hamımız üçün ənənəvi “Necəsiz?, Nə var, nə yox”? kəlmələrindən sonra söhbəti qayıdıb redaksiyada davam etdirməyi təklif etdim. Sovet futbolunda məşhur mərkəz hücumçularından biri olmuş Azərbaycan futbol məktəbinin unudulmaz yetirməsi Ələkbər Əmir oğlu Məmmədovla həmsöhbət olmaq, əlbəttə ki, çox xoş idi. 

Bu gün, faşizm üzərində sovet xalqının qələbəsinin 79-cu ilinin qeyd olunduğu 9 Mayda Ələkbər Məmmədovun anadan olmasının 94-cü ili tamam olur. Azərbaycan idmanında böyük xidmətlərinə və yüksək nailiyyətlərinə görə 2-ci Fəxri Xiyabanda dəfn edilmiş görkəmli şəxsiyyəti zəngin karyerasından bəzi məqamları xatırlamaqla bir daha hörmət və ehtiramla yad edək.

Azərbaycanın futbol ictimaiyyəti 1993-cü ildən dünya şöhrətli mərhum hakimimiz Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun 1951-ci ilin payızında istifadəyə verildiyini yəqin ki, yaxşı bilir. Bu gün artıq 73 yaşında olan əzəmətli stadionun rəsmi açılış mərasimi də elə həmin il sentyabrın 16-na təsadüf etmiş və burada ilk qolu Ə.Məmmədov vurmuşdur. 

Onda 14-cü SSRİ çempionatının “B” qrupunda çıxış edən və “Neftyanik” adı ilə mübarizə aparan komandamız Vilnüsün “Spartak” kollektivini qəbul edib, Litvaya dörd cavabsız qolla yola salmışdı. Tbilisili hakim N.Ramişvilinin idarə etdiyi oyunda hesabı 36-cı dəqiqədə Məmmədov açmışdı. Bu, həmin stadionda qeydə alınan ilk “rəsmi” qol olmuşdur. Görüşün ikinci hissəsində Ələkbərin ikinci dəfə dəqiq zərbə ilə fərqləndiyini də qeyd edə bilərik. 

Statistika onu da xatırladır ki, 18 komandanın iştirakı ilə keçirilmiş turnirdə “Neftyanik” 45 xalla 4-cü yeri tutmuşdur. Bakılıların hücum xəttinin lideri Məmmədov isə 34 görüşün hamısında meydana çıxıb, 21 qolun müəllifi olmuşdur. 

Yüksək istedadı heç kimdə şəkk-şübhə doğurmayan hücumçu ən böyük uğurlarının sevincini Moskvanın “Dinamo” komandası heyətində yaşamışdı. Həmyerlimiz 1954-cü ildən 1959-cu ilədək bu adlı-sanlı klubun tərkibində dörd dəfə SSRİ çempionu olmaqla onun məşqçilərinin və çoxminli azarkeş ordusunun ümidlərini tam doğrultmuşdu. İndiki meyarlarla kiçik Avropa çempionatı hesab edə biləcəyimiz ovaxtkı Sovet İttifaqı çempionatlarının dörd qızıl medalına sahib olmaq, onların qazanılmasında sərrast zərbələrlə mühüm rol oynamaq heç də hər futbolçunun işi deyildi. Ə.Məmmədov isə bunu bacarmışdı. “Dinamo”nun və SSRİ yığma komandasının əfsanəvi qapıçısı Lev İvanoviç Yaşinin bir dəfə onun haqqında dediyi “Ələkbər meydanda əsl hücum lideri idi” sözləri “Alik” ləqəbli futbolçunun parlaq ustalığının təkzibolunmaz təsdiqi idi. 

Məşhur hücumçunun futbol həyatında ən əlamətdar günlərdən biri də 1955-ci ilin 4 sentyabrıdır. Həmin gün Moskva dinamoçularının İtaliyanın Milan şəhərində eyniadlı yerli klubla keçirdikləri və hədsiz maraqla qarşılanan yoldaşlıq görüşü gözlənilmədən böyük hesabla (4:1) qonaqların xeyrinə başa çatmış, meydan sahiblərinin qapısına vurulan bütün dörd qolun müəllifi Məmmədov olmuşdu. Nəhəng “San Siro” stadionunda tamaşaçılarla dolu tribunalar qarşısında bir hücumçunun “Milan”ın qapısına dörd top vurması qeyri-adi göstərici idi.

Avropa çempionatının seçmə mərhələsində SSRİ yığma komandasının da şərəfini qorumuş Ə.Məmmədov uğurlarla zəngin bir həyat yaşamışdır. O, Moskva klubunda çıxışlarını başa vurduqdan sonra Bakıya qayıtmış, məşqçilik fəaliyyəti ilə məşğul olmuş, “Neftçi”nin, Azərbaycan milli komandasının baş məşqçisi kimi çalışmış, Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri işləmişdir. Həyatı isə 2014-cü il iyulun 28-də, 84 yaşında SSRİ Əməkdar idman ustası və Əməkdar məşqçisi kimi tərk etmişdir. Futbolumuz, bütünlüklə idmanımız üçün həmin kədərli gündən artıq on il ötür. Amma lap yüz ildən sonra da professor, “Şöhrət” ordenli Ələkbər Məmmədov unudulmayacaq, xatirələrdə, o cümlədən, bir vaxtlar qonağı olduğu “Xalq qəzeti”nin səhifələrində əbədi yaşayacaq.

Ruhu şad olsun.

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla