AZ

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Pekin, 8 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Koreya Respublikasının Qaçon Universitetində Ulu Öndərin siyasi irsinə dair mühazirə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov universitetin siyasi elmlər və təhlükəsizlik araşdırmaları fakültəsinin tələbələri qarşısında “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi – Azərbaycanın strateji prioritetləri və inkişaf modeli” mövzusunda çıxış edib.

Səfir görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində oynadığı əvəzolunmaz roldan və Ulu Öndərin siyasi irsindən danışıb. O vurğulayıb ki, hazırda sabit və güclü dövlətçiliyi, siyasi və iqtisadi inkişaf dinamikası ilə seçilən, eləcə də dünyada söz sahibi olan Azərbaycanın inkişaf modelinin əsası Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycanın çox ağır vəziyyətdə, vətəndaş müharibəsi astanasında olduğu və Ermənistanın ölkəmizə hərbi təcavüz etdiyi bir zamanda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev yüksək iradə, siyasi ustalıq və liderlik nümayiş etdirərək dövlətçiliyimizi qoruyub və ölkəni inkişaf yoluna çıxarıb.

Ramin Həsənov vurğulayıb ki, Heydər Əliyevin adı müasir və güclü Azərbaycanın rəmzinə çevrilib, onun əsasını qoyduğu daxili və xarici siyasət bu gün uğurla davam etdirilir. O, Azərbaycanın inkişaf modeli barədə məlumat verib, ölkənin daxili və xarici siyasətinin prioritetlərini və xüsusiyyətlərini qeyd edib. Heydər Əliyev irsinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi nailiyyətləri və beynəlxalq arenadakı uğurları barədə geniş məlumat verən diplomat, həmçinin ölkəmizin torpaqlarının Ermənistan tərəfindən uzunmüddətli işğalına son qoymasından, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən, eləcə də Azərbaycanın postmünaqişə dövrünə aid gündəliyindən danışıb. Səfir, eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a sədrliyi ilə əlaqədar görülən işlər barədə məlumat verib.

Mühazirə zamanı Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla