AZ

Hər şeyi kadrlar həll edir!

Stalinin məşhur bir ifadəsi var: “Hər şeyi kadrlar həll edir!”. Sovet vaxtı gözümüzü bu ifadə yazılmış plakatlar gözümüzü “mazol” eləmişdi – hara getsən qabağına əslində çox yanlış olmayan bu sosializm qoxan fikir çıxırdı.

Sonralar hardasa oxumuşdum ki, Stalin bu fikri tam da elə deməyib.

Yazılana görə Stalin məhdud və özəl bir yığıncaqda o ifadəni işlədəndə xüsusi bir kadr növünü nəzərdə tuturmuş.

1935-1943-cü illərdə Komintern rəhbəri olmuş Georgi Dimitrovun gündəliyində Stalinin necə lider olması haqda belə yazıb:

“1937-ci il noyabrın 7-də inqilabın 20-ci ildönümü qeyd edilərkən Voroşilovun verdiyi şam yeməyində Stalin belə bir tost deyir:

Böyük liderlər haqqında çox danışılır. Ancaq şərtlər uyğun olmadıqca amallar qalib gəlmir. Burada ən önəmli olanlar orta kadrlardır - partiya, sənaye və hərbi kadrlar. Onlar rəhbəri seçir, onun mövqeyini kütləyə izah edir və işimizin uğurunu təmin edirlər. Bu kadrlar yuxarı qabağa getməyə çalışmırlar; hətta heç nəzərə də çarpmırlar.

Əsas orta kadrlardır! Yaxşı zabit korpusu olmadan generallar heç nə edə bilməz. Trotskini və digərlərini niyə məğlub etdik? Trotski, bildiyiniz kimi, Lenindən sonra ölkəmizdə ən populyar şəxs idi. Buxarin, Zinovyev, Rıkov, Tomski…hamsı populyar idilər. Biz isə o zaman az tanınırdıq – mən, Molotov, Voroşilov və Kalinin. Amma orta kadrlar bizi dəstəklədilər, mövqeyimizi kütlələrə izah etdilər. Trotski isə bu kadrlara tamamilə məhəl qoymadı və məğlub oldu. Hər şeyi orta kadrlar həll edir”.

Stalinin bu izahatını idarəetmənin nəzəriyyəsi və praktikası dərsliklərinə daxil etmək olar.

Bu qaydanı iş dünyasına da tətbiq etmək olar…

Bu gözəl bahar axşamında cəllad və qaniçən Stalin hardan düşdü yadıma deyəcəksiniz.

Məncə, orta kadrlar elə orta sinif deməkdir. Orta sinfi güçlü olmayan cəmiyyətlərin istiqbalı da yoxdur...

Nə illah etdimsə fikrimi başqa bir örnəklə ifadə edə bilmədim. İlanın (oxu: Stalinin) zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər…

İbrahim Nəbioğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla