AZ

Heydər Əliyev Fondu 20 il- Xeyirxahlığın və ümidin ünvanı - ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin ideyalarını davam etdirən Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 20 il ötür. Ulu Öndərin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan fondun genişmiqyaslı fəaliyyəti Azərbaycanın hüdudlarından kənarda da dəyərləndirilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fondunun üzərinə düşən bütün funksiyaları şərəflə yerinə yetirdiyini bildirmişdir: "Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür".

Bəli, ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsini özünün əsas fəaliyyət proqramı kimi qəbul edən Fonda 10 may 2004-cü ildən rəhbərlik edən Birinci vitse- prezident, YUNESKO və İSESKO-nunu xoşməramlı xanımı Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə ötən 20 il ərzində təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində və digər istiqamətlərdə çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atıb. Humanizm, mərhəmət, vətənpərvərlik və xeyirxahlıq missiyası ilə ictimaiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun layihələri sırasında ölkəmizdə təhsil sisteminin inkişafı əsas yerlərdən birini tutur. Fondun rəhbərliyi altında neçə illər bundan öncə ölkəmizdə "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı"nın hazırlanıb həyata keçirilməsi öz uğurlu bəhrəsini vermişdir. Xatırladaq ki, respublikamızdakı uşaq evləri və internat məktəblərindəki mövcud problemlərin həll olunmasına yönəldilən bu layihə fondun təhsil sahəsindəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Neçə illərdir Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən yeni məktəb binalarının inşasına istiqamətlənib. Layihə çərçivəsində paytaxtda və regionlarda dünya standartlarına cavab verən məktəb binaları inşa edilib, neçə-neçə məktəb cari və ya əsaslı təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.

Son 20 ildə yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın özünün vurğuladığı kimi, bu fəaliyyət sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir".

Heydər Əliyev Fondunun səhiyyə sahəsində əks-səda doğuran layihələrindən biri "Diabetli uşaqlara ən yüksək qayğı"dır. Layihə çərçivəsində ölkəmizdə diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. "Talassemiyasız həyat naminə" layihəsi isə bu xəstəliyin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda rəğbətlə qarşılanıb. Bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, bu istiqamətdə əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir.

Heydər Əliyev Fondu öz fəaliyyəti çərçivəsində 2020-ci ilin sentyabrında başlanan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində fəal çalışaraq Qələbə üçün öz töhfəsini verdi. Ermənistanın otuz ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal altında olan ərazilərimiz darmadağın edilib, erməni vandallığına və təcavüzünə məruz qalıb, o məkanlardakı misilsiz mədəni irsimizə çox böyük ziyan dəyib. Yüzlərlə tarixi abidənin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması erməni əməllərini bir daha dünyaya təqdim etdi. Artıq işğaldan azad olunan ərazilərimizin, tarixi-dini, mədəni abidələrimizin təmir və bərpası uğurla həyata keçirilir. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. Vurğulamaq lazımdır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, fond digər layihələrdə də fəal iştirak edəcək. Həmçinin, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir.

Prezident İlham Əliyev görüşlərində də bildirmişdir ki, Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur: "Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Bütün bu uğurlarla yanaşı, Fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir, ümumbəşəri mədəniyyət abidələrinin bərpasında iştirak edir. Məsələn, dost və qardaş Pakistanda təhsil, səhiyyə və humanitar sahələrdə Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələri bölgə xalqı yüksək qiymətləndirir. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə "Qızıl ürək" və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeninə, 2009-cu ildə "XXI əsrin böyük qadını" laureatı adına, 2010-cu ildə isə Fransanın "Fəxri Legion" ordeninə, UNESCO-nun "Qızıl Motsart" medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına layiq görülmüşdür. Mehriban xanım Əliyeva türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə "Heydər Əliyev Mükafatı" ilə təltif edilib. Bütün bunlar Mehriban Əliyevanın Azərbaycan xalqı qarşısında xidmətlərinə verilən mükafat və qiymətdir. 2016-cı il yanvarın 21-də Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib. 2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban Əliyevaya II dərəcəli "Müqəddəs Mələksima Knyaginya Olqa" ordeni təqdim edilib. 2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və "Ədalətli oyunlar"ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə" medalı təqdim olunub. 2019-cu ildə Mehriban Əliyeva Prezident Vladimir Putinin fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub. 2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib.

Bir sözlə, fəaliyyətində Ulu Öndərin ideyalarına söykənən Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər onun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Və görülən işlər, həyata keçirilən layihələr, real nəticələr isə bir daha deməyə əsas verir ki, Heydər Əliyevin adını daşıyan fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
Mənbələr
Şərh ()
Bağla