AZ

Sığortan varsa, ziyanın ödənəcək

Son günlər Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, temperaturun aşağı düşməsi, leysan yağışları, ayrı-ayrı rayonlarda dolu və qar yağıntıları əkin sahələrinə, bağlara ciddi zərər vurub. Aqrar Sığorta Fondu fermerləri hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin təsirindən qorunmaq üçün təsərrüfatlarını sığortalamağa çağırır. 

Fonddan bildirdilər ki, mayın 4-dən başlayaraq, rayonlarda hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatları ziyan görmüş fermerlər 1651 Çarğı Mərkəzinə müraciət edərək bu barədə fonda məlumat verirlər. Ötən dörd gün ərzində təsərrüfatlara zərər dəyməsi ilə bağlı Çağrı Mərkəzinə 10 rayon üzrə 30 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba,  Qusar, Xaçmaz, İmişli və Tovuz  rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib. İlkin məlumata görə, əlverişsiz  hava şəraiti, güclü yağışlar, dolu və donvurma həmin rayonlarda ayrı-ayrı təsərrüfatlar üzrə arpa, buğda, pambıq əkinlərinə, eləcə də alça və gilas bağlarına xeyli ziyan vurub. 

Aqrar Sığorta Fondunun məlumatına görə, fermerlərin müraciətləri əsasında bölgələrə ekspertlərin ezam olunması nəzərdə tutulur. Ekspertlər sığortalanmış təsərrüfatlara dəyən zərəri yerində aktlaşdıraraq fonda təqdim edəcəklər. Onu da qeyd edək ki, son illər Azərbaycanda aqrar sığortaya marağın artması – sığortalanan təsərrüfatların sayının kəskin artması, eləcə də iqlim dəyişiklikləri nəticəsində sığorta hadisələrinin çoxalması ilə aqrar sığorta ekspertlərinə tələbat da yüksəlib. Bu da təsadüfi deyil. Çünki ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemində adıçəkilən mütəxəssislər mühüm yer tuturlar. Belə ki, ekspertlər sığortalanan təsərrüfatlara baxış keçirir, eləcə də sığorta hadisəsi baş verdikdə səbəbini araşdırır və zərəri hesablayırlar. Göründüyü kimi, təsərrüfatlarının sığortalanması və zərərin ödənilməsi ilə bağlı qərarlar müstəqil aqrar sığorta ekspertlərinin rəyi ilə qəbul edilir. 

Yeri gəlmişkən, aprelin 15-dən ­23-dək Aqrar Sığorta Fondunda bitkiçilik və heyvandarlıq mütəxəssisləri üçün aqrar sığorta təlimləri keçirilib. Yerli və türkiyəli ekspertlərin iştirakı ilə keçirilən təlimlərə 60-a yaxın mütəxəssis cəlb olunub. Təlimlər risk qiymətləndirməsi, sığorta hadisəsinin araşdırılması, zərərin müəyyən edilməsi, Aqrar Sığorta İnformasiya Sistemində iş və rəylərin yazılması kimi məsələləri əhatə edib. Təlim prosesinin praktik hissəsi “Grand Agro” şirkətinin əkin sahələrində–zeytun bağlarında keçirilib. Burada mütəxəssislər sahəvi koordinatlarla işləmək, məhsuldarlığın və hadisə nəticəsində dəymiş zərərin hesablanması, əkin sahəsinə baxış keçirilməsi kimi mövzularla tanış olublar. Təlimlərin yekununda iştirakçılar müvafiq ədəbiyyatla təmin ediliblər.

Aqrar Sığorta Fondundan bildirdilər ki, təlimləri uğurla bitirən mütəxəssislər, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahana qatılacaq. İmtahanda uğurlu nəticə göstərən şəxslərə müstəqil aqrar sığorta eksperti statusu və müvafiq sertifikat veriləcək. Həmin ekspertlər isə Azərbaycan Mərkəzi Bankının müvafiq reyestrinə daxil edilərək fəaliyyətə başlayacaqlar.

Aqrar Sığorta Fondu təsərrüfatlarını sığorta etmiş fermerlərə müxtəlif hadisələr nəticəsində dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. Fondun məlumatına görə, bu ilin ilk rübündə ölkə üzrə 1,8 milyon manat sığorta ödənişləri həyata keçirilib. Həmin vəsaitlərin 503 min manatı dolu hadisələrinin, 101 min manatı isə sel-subasmanın təsirinə məruz qalmış əkin sahələrinə və bağlara görə ödənilib. 

Qeyd edək ki, aqrar sığorta mexanizmi vasitəsilə ölkədə 48 adda bitki və bitkiçilik məhsullarını, o cümlədən meyvə bağlarını və tərəvəz əkinlərini sığortalamaq mümkündür. Aqrar sığorta əkin sahələrini təbiət hadisələri – dolu, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, normadan artıq qar yağıntıları, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50 faizini isə fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə, fermerlər cüzi məbləğ ödəməklə meyvə bağlarını və tərəvəz sahələrini sərfəli şərtlərlə sığorta etməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər. 

Mirbağır YAQUBZADƏ 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla