AZ

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş seminar

Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan baş prokurorun birinci müavini Elçin Məmmədov seminarın əhəmiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə görülmüş işlər barədə məlumat vermiş, habelə işğaldan azad edilmiş torpaqların “Yaşıl enerji” zonası elan edilməsi və BMT-nin COP 29 kimi mötəbər bir forumunun Azərbaycanda keçirilməsinin önəmini vurğulamışdır. 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda məruzə etmişdir. 

Rektor Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP 29-un Azərbaycanda keçiriləcəyi ilə bağlı geniş məlumat vermişdir. Qeyd etmişdir ki, hər il bir ölkənin evsahibliyi ilə keçirilən COP qlobal çağırışlara dair fəaliyyəti sürətləndirmək və məqsədlərə nail olmaq üçün müstəsna əhəmiyyətli platformadır. “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi sahədə reallaşdırdığı uğurlu siyasətin əsaslarındandır.

Akademik U.Ələkbərov məruzəsində ölkəmizdə qazanılan uğurların dahi Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu xüsusi vurğulamışdır. O, diqqəti Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə yönəltmişdir.  Prezident İlham Əliyev tərəfindən hazırlanaraq tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevirdiyini diqqətə çatdırmışdır. 

Rektor müstəqil Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin ­2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu bildirmişdir. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarə edilməsi sahəsindəki uğurlarını diqqətə çatdırmışdır. 

Rektor demişdir ki, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürmüş və bunun üçün həmin ərazilərdə böyük enerji potensialının olduğunu nəzərə çatdırmışdır.

DIA-nın Hüquq kafedrasının və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və başqaları mövzu ilə bağlı çıxış etmişlər.

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla