AZ

Bu gün Soltan Hacıbəyovun doğum günüdür

 

Bu gün görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor Soltan Hacıbəyovun doğum günüdür. 


Missiya.Az xatırladır ki, musiqi xadimi 1919-cu il mayın 8-də Şuşada dünyaya gəlib. 


Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. 


SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı olan sənətçi orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olub və truba sinfində oxuyub. 


Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışıb. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. 


Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. Drijor iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazıb. 


“Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı” uşaq nəğmələri sırasında yazdığı əsərləridir.


O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir. 


Dəyərli əsərlər müəllifi, musiqi sahəmizdə əvəzsiz xidmətləri olan Soltan Hacıbəyov 1974-cü ildə dünyasını dəyişib.


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla