AZ

Rusiyadan qayıdan kişi arvadını döydü — TƏFƏRRÜAT

Şirvan şəhərində 1986-cı il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günelə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Zaurun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada iş qaldırılıb. 

İş üzrə dindirilən Zaur ona elan olunmuş inzibati qaydada ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, 2006-cı ildə Günel ilə ailə həyatı qurub, iki övladları var: 

“Bu vaxta kimi münaqişələrimiz demək olar ki olmayıb. Lakin son vaxtlar Günel mənimlə yaşamaq istəməməsi və buna ailəsinin təsiri ilə əlaqədar yaşadıqları Rusiya Federasiyasından 2021-ci ildə iki övladımız ilə Azərbaycana qayıtdı. Həmin vaxtdan bəri də dəfələrlə övladlarımı görmək üçün Şirvan şəhərinə gəlsəm də, Günel və onun ailəsi hər iki övladımı görməyə imkan verməyib. Bu səbəbdən hətta barəmdə əsassız şikayətlər də ediblər”.

Təqsirli bilinən şəxs qeyd edib ki, 16 aprel 2024-cü ildə Rusiya Federasiyasından məzuniyyətə çıxmağı ilə əlaqədar Azərbaycana gəlib: 

“Şirvan şəhərində arvadım Günel ilə qonşuluqda valideynlərim ilə birgə yaşamağa başladım. Uşaqlarımı görmək niyyəti ilə atam İlqar ilə birgə aprelin 16-da və növbəti gün Günelin yaşadığı evə getdik. Bu vaxt atam Günel və onun ailəsi ilə xoş söhbət etməyə başladı. Lakin Günel yenə övladlarımı mənə göstərmədi”.

Zaurun sözlərinə görə, aprelin 21-də yaşadıqları qəsəbədə saat 18 radələrində övladı Etibarı məktəbin qarşısında görüb: 

“Bu vaxt övladım ilə görüşərək, təxminən 1 saata yaxın müddət ərzində görüşdük. Sonra da oğlum Etibarı Günelin yaşadığı evə apardım. Aprelin 22-də, saat 18 radələrində övladım Etibarı atam ilə birlikdə oxuduğu məktəbin qarşısında gözlədik. Lakin Etibar dərsdən çıxmadı. Belə olan təqdirdə, fikirləşdim ki, arvadım oğlumu məndən yayındıraraq, onu görmək istəyimə maneə olur. Daha sonra Günelin yaşadığı binanın qarşısına taksiylə gəldim. Bu vaxt övladım Etibarı gördüm və onu səslədim. Oğlum yanıma gəlmək istədikdə Günel buna mane oldu”. 

Zaur deyib ki, daha sonra atası İlqar da Günelə yaxınlaşıb, ondan nəvəsini görməyə şərait yaratmasını xahiş edib: 

“Bu vaxt Günel hər ikimiz barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edəcəyini söylədi. Sonradan Şirvan şəhər polis şöbəsinə dəvət olunduq. Dəvət olunmağıma səbəb kimi arvadım Günelin barəmdə şikayət edərək, guya ona xəsarət yetirməyim, onu ölümlə hədələməyim olub. Arvadıma heç bir xəsarət yetirməmişəm. Onu heç bir formada ölümlə hədələməmişəm. Tək istəyim övladı ilə görüşüb ünsiyyətdə olmaqdır. Arvadım ilə hər hansı problemim yoxdur. Onunla barışmaq istəyirəm”. 

İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, əri Zaurla 2006-cı ildən evlidir və iki uşaqları var: 

“2006-cı ildən Rusiya Respublikasının Komi Vilayətində yaşamışıq. Ailəli olduğum dövrlərdə də həyat yoldaşım Zaur məni dəfələrlə hədələdiyinə görə 2021-ci ildə Azərbaycana qayıdaraq ata evinə gəldim. Orada da yaşadım. Aprelin 21-də oğlum həyətdə oynayan vaxt eyvandan baxırdım. Bu vaxt oğlumun olmadığını gördüm. Qonşunun uşağı oğlumun atası ilə getdiyini dedi”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra oğlunun atası Zaur ilə gəldiyini görüb: 

“Lakin oğlumun halının yaxşı olmadığından nə baş verdiyini soruşdum. Oğlum mənə atasının hərəkətlərindən qorxduğunu bildirdi. Hətta ondan bir gün öncə uşaq avtobus gözləyən vaxt oğlumun idman müəllimi görüb ki, atası onu məcbur maşına mindirib, hədələyərək ona “sənin dayını, ananı, babanı” doğrayaram, evinizi partladaram” ifadələr işlədib. 

Aprelin 22-də, saat 18.30-da oğlumu məktəbdən götürərək evə gəldim. Yaşadığımız binanın qarşısında çatan zaman Zaur taksidən düşərək bizim yanımıza gəldi. Oğluma yaxınlaşmaq istəyən zaman oğlum qorxudan onun yanına getmədi. Bunu görən Zaur oğlumu məcbur özü ilə aparmaq istəyən vaxt ona “uşaq səni görmək istəmir, vaxtında uşaqla maraqlansaydın və onlara sevgini göstərsəydin belə olmazdı” sözlərini dedim. Bu vaxt Zaur başıma və üz nahiyəmə əlinin arxa hissəsi ilə vurdu. Bu səbəbdən sağ göz nahiyəmin əzilməsi xəsarətini aldım”.

Bu işə Şirvan Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin qərarı ilə Zaur 25 gün müddətinə inzibati qaydada həbs edilib. 


Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla