AZ

“Sponsorsuz komandanın Premyer Liqada qalması böyük işdir”

“Kəpəz” klubunun yarımmüdafiəçisi Elmir Tağıyevin futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının XXXIII turunda “Sumqayıt”dan xal almağı (1:1) bacardınız…

– Hər matça olduğu kimi, “Sumqayıt”la oyuna da qələbə qazanmaq üçün çıxmışdıq. İlk hissədə hər iki komandanın fərqlənmək üçün şansları oldu. Amma fasiləyədək hesab dəyişmədi. İkinci hissədə hesabda geri düşməyimizə baxmayaraq, sona qədər xarakter göstərdik, qol üçün hər şeyi etdik və son dəqiqələrdə bərabərlik qolunu vura bildik.

– Meydanda azlıqda qaldıqdan sonra son saniyələrdə bərabərlik qolunu vuracağınıza inamınız var idi?

– Əlbəttə, inamım var idi. Tək mən yox, bütün komanda buna inanırdı. Əks halda, bərabərlik qolunu vura bilməzdik.

– “Kəpəz” növbəti turda əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək. Şansları necə dəyərləndirirsiniz?

– Növbəti oyun tarixi Azərbaycan derbisidir. Hər kəs bunun nə demək olduğunu yaxşı başa düşür. Bizi çox çətin səfər qarşılaşması gözləyir. Bu oyunda da əlimizdən gələnin ən yaxşısını edib qələbə qazanmağa çalışacağıq. Daha az səhv edən və oyuna yaxşı köklənən komanda qələbəyə daha yaxın olacaq. Biz də bunun üçün hər şeyi edəcəyik.

– Hazırda turnir cədvəlində 8-ci yerdə qərarlaşmısınız. Mövsümü bu pillədə bitirmək mümkün olacaq?

– Qarşıda bizi 3 çətin oyun gözləyir. Bu haqda indidən dəqiq bir söz demək çətindir. Amma belə şans yaranıbsa, bundan yararlanaraq, qarşıdakı 3 oyunda maksimum xal toplayaraq mövsümü 8-ci sırada bitirmək istəyirik. Bunun üçün sonadək vuruşacağıq.

– Cari mövsümü “Kəpəz” üçün ümumilikdə necə qiymətləndirirsiniz?

– Mövsümə yaxşı başlamasaq da, komanda sonradan toparlana bildi. Bizim üçün çətin mövsüm keçdi. Sezonun əvvəlini saymasaq, çox hissəsini səfərdə oynadıq. Bu da bizə əlavə çətinlik yaratdı. Düşünürəm ki, komanda olaraq çox böyük iş görmüşük. Sponsorsuz komandanın Premyer Liqada qala bilməsi böyük işdir. Buna görə bütün azarkeşlərimizə, komanda yoldaşlarıma, məşqçilərə, rəhbərliyə, bazada çalışan işçilərə təşəkkür edirəm. Biz bunu birlikdə bacardıq.

– “Kəpəz”də icarə əsasında çıxış edirsiniz. Mövsümün sonunda gələcək karyeranızla bağlı hansı qərarı verəcəksiniz?

– Hələ dəqiq bir məlumat yoxdur. Hazırda bütün fikrimi oyunlarımıza yönəltmişəm. Gələcək karyeramla bağlı heç bir söhbətimiz olmayıb. Bu haqda mövsüm bitdikdən sonra oturub danışacağıq.

ABBAS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla