AZ

Bəzən bir qadın bütün dünyanı dəyişdirir: Qaradərililərin azadlıq mübarizəsindəki ilk qığılcım

Əksər tarixçilər ABŞ-da vətəndaş hüquqları hərəkatının başlanğıcını 1955-ci il dekabrın 1-i hesab edirlər. Həmin gün irqçiliyin ən şiddətli olduğu Alabama ştatının Montqomeri şəhərində heç kimin tanımadığı adi qaradərili qadın ondan avtobusda yerini verməsini istəyən ağdərili sərnişinə “Yox!” demişdi. Əslində o, bu hərəkəti ilə özü də bilmədən özündən çox böyük bir işə təşəbbüs etmiş oldu.

 

Sfera.az qaradərili amerikalıların azadlıq mübarizəsində ilk qığılcım sayılan Roza Parks haqqında yazı təqdim edir. 

 

1950-ci illərin birinci yarısına qədər Alabamada yaşayan qaradərililərin yalnız arxa oturacaqlarda oturmaq hüququ var idi. Bütün oturacaqlar dolu idisə, ağ rəngli sərnişin avtobusa minəndə qaradərililər yerlərini boşaldıb həmin şəxsə yol verməli idilər.


Roza Parksın ayağa qalxmaq istəməməsi ilə azadlıq uğrunda ilk mübarizənin fitri alovlandı. Bu cəsarətli qadın öz yerini vermək istəmədiyi üçün əslində qanunu pozurdu. Beləliklə, o, həbs və cərimə edilir. Lakin onun təkbaşına başlatdığı bu ilk inqilab Amerikada qanuni seqreqasiyaya son qoyacaq hərəkatın ilk addımı idi. Roza Parks mübarizə aparmaq istəyən, lakin bu gücü özündə tapa bilməyən bir çox insana cəsarət aşıladı.

 

 

Dülgər ata və müəllim ananın qızı olaraq dünyaya gələn Roza Amerikanın şimal bölgələrindən olan azad düşüncəli qadınların qurduğu məktəbdə oxuyub.


Məktəbin “öz dəyərini bilmək” zehniyyətinə əsaslanan fəlsəfəsi anasının Rozaya aşıladığı ilə üst-üstə düşürdü. Ancaq Roza Parks və onun kimiləri üçün o dövrlərin parlaq olduğunu söyləmək olmaz. Roza Parks bir müsahibəsində vəziyyətlərini belə izah edir:

 

“O zaman bizim vətəndaşlıq hüququmuz yox idi. Eşitdik ki, Ku Klux Klan küçələrdə yürüş edir və insanları linç edir. Yadımdadır, yatmağa çalışırdım, çünki evimizi yandıra biləcəklərindən qorxdum”.


Əri Raymond Parks ilə evləndikdən sonra onlar ən çox təcrid olunmuş ərazilərdə afroamerikalıların həyatını asanlaşdırmaq üçün yorulmadan çalışdılar.


Səsini yetərincə eşitdirə bilməmək çarəsizliyi, tez-tez döyülmə, qul əməyi və zorlama bu cütlüyü günü-gündən yeyirdi. Etdikləri kifayət deyildi və daha çox gücə sahib olmaq və ikinci dərəcəli vətəndaş kimi rəftar etmək istəmədiklərini hamıya bildirməli idilər.

 

Bu avtobus hadisəsi əslində onlara lazım olanı verdi. İndi onlar öz səslərini bütün dünyaya çatdıra və mövcud nizamı dəyişməyə çalışa bilərdilər.


Rozadan avtobusda davranışını nümayiş etdirərkən qorxub-qorxmadığını soruşduqda, o, belə cavab verib: “Xüsusi bir qorxum yox idi. Tək olmadığımı bilmək təsəlliverici idi”. Bu hadisə Montqomeri Təkmilləşdirmə Assosiasiyasının yaradılmasına gətirib çıxarır. O vaxt gənc keşiş olan Martin Lüter Kinq dərnəkdə pioner kimi xidmət edirdi.

 

Assosiasiya avtobus şirkətini boykot etməyə çağırmış və bu boykot təxminən 380 gün davam etmişdi. Roza Parksın mübarizəsi bir anda bütün dünyanın diqqətini çəkdi.


Montqomeri Şəhər Məcəlləsi Roza Parksın işinə baxıldığı Ali Məhkəmə tərəfindən ləğv edilmiş və ictimai nəqliyyatda irqi ayrı-seçkiliyin qanunsuz olduğu elan edilmişdir. Artıq heç kim dəri rənginə görə heç kimin yerini tuta bilməzdi.


Roza Parks ərinin ölümündən sonra "Rosa və Raymond Parks Şəxsiyyət İnkişafı İnstitutu"nu təsis edib. Hər il yaşı 18-dən az olan gəncləri avtobuslarla ölkənin hər yerinə səyahət etməyə, öz ölkələrinin tarixini, vətəndaşlıq hüquqlarını öyrətməyə başladılar.


Bu proqramın adı “Azadlığa gedən yollar” idi. Bundan əlavə, Cənubi Xristian Liderlik Şurası adlı bir təşkilat hər il Roza Parksın şərəfinə "Rosa Parks Azadlıq Mükafatı" kateqoriyası təsis etmişdir.

Roza Parks təkbaşına başladığı və kiçik bir qığılcımdan böyük atəşə çevirdiyi üsyan hekayəsini bu cümlələrlə şərh edir:


“Həyata nikbinliklə, ümidlə baxmağa və gələcək daha yaxşı günlərə ümid etməyə çalışıram. Amma mütləq xoşbəxtlik kimi bir şeyin olduğuna şübhə edirəm. İrqçiliyin hələ də davam etməsi məni ağrıdır”.

 

Xanım

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla