AZ

Millət vəkili AÇIQLADI: "Bu tarixdə Ermənistan və Azərbaycan arasında sülh imzalana bilər"

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, görüş mayın 10-da baş tutacaq.

Mövzu ilə bağlı Milli Məclisin üzvü, deputat Elman Nəsirov Referans.az-a danışıb:



"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev öz mövqeyini ifadə edərək dedi ki, biz heç bir zaman olmadığı qədər sülhə yaxınıq. Yəni necə deyərlər, Azərbaycan və Ermənistan sülhün bir addımlığındadır. Bu reallığa nikbin olmağa əsas verən amillər var. Azərbaycan bir güllə atmadan Qazaxın dörd kəndini geri qaytardı. Digər kəndlərin də geri qaytarılması zamanla həllini tapa biləcək məsələlərdir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşü keçiriləcək. Bu görüşün də rəmzi mənası var. Hər iki tərəf razılaşıb ki, sülh müqaviləsi 1991-ci il Alma-Ata Bəyannaməsindən çıxış edilərək imzalansın. Bunlar hamısı müsbət dinamikadır. Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, noyabr ayınadək Azərbaycanın sülh müqaviləsi imzalamağa niyyəti var. Bunlar hamısı müsbət siqnallardır".

Millət vəkili qeyd edir ki, ən əsası hər iki ölkə arasında daha vasitəçilər yoxdur, təşkilatçılar var:

"Məsələn, Qazaxıstan dövləti təşkilatçıdır, ev sahibliyi edir. Bütün bunlara baxanda sülh şəraiti üçün münbit şəraitin yarandığını deyə bilərik".

Parlament üzvü həmçinin bildirib ki, bütün bunlara baxmayaraq, hadisələrə təsir edə biləcək iki təhdid də var:

"Revanşistlərlə din xadimlərinin birləşməsi, Pasinyanın öz komandasından mərkəzdənqaçma elementlərinin ola bilməsidir. Təsadüfi deyil ki, Paşinyan böyük mətbuat konfransı keçirəcək. Çünki ona qarşı etiraz dalğası yeni mərhələyə keçib. Onun üçün daxili təhdidlər var. Daxili təhdidlər revanşistlər, dindarlar tərəfindəndir. Təhdidlərin biri də xaricdən gələn məsləhətlərdir. Bunu Fransanın timsalında görmək olar. Amma, bütövlükdə 6 illik hakimiyyəti dövründə Paşinyan son dərəcədə dözümlü, ən mürəkkəb situasiyalardan- sudan quru çıxmaq bacarığı nümayiş etdirir. Ona görə də indiki vəziyyəti də tənzimləyə biləcək və noyabra qədər sülh müqaviləsinin imzalanması çox real görünür".


Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla