AZ

“Bavariya”nın sürprizə gücü çatacaqmı? - YENİLƏNİR

Çempionlar Liqasında “son akkordlar çalınır”.

Bu gün və sabah finalçılar bəlli olacaq. PSJ-ni qrup mərhələsində ''Borussiya''ya qarşı ev oyununda qeydə alınan nəticə qane edəcək. ''Real'' isə səfərdə edə bilmədiyini “doğma divarlar” arasında etməyə çalışacaq.

“Borussiya” evdə və səfərdə iki fərqli komandadı
Ötən həftə Dortmunddakı qarşılaşma baxımlı futbolla yanaşı, çoxsaylı qol fürsətlərinin əldən çıxması ilə yadda qaldı. Bu baxımdan PSJ daha çox diqqəti çəkdi. Xüsusilə də 2-ci hissənin əvvəllərində bir hücumda əvvəlcə Mbappe sağ dirəyi, sonra da Hakimi sol dirəyi nişan aldı. Bununla da cari mövsümdə Paris nəhənginin ÇL-də dirəkdən dönən toplarının sayı 10-a çatdı.

Son 20 ildə bu turnirdə bir mövsümün gedişində yalnız bir komanda bu baxımdan daha bəxtsiz olub. Söhbət 2011/12-də 12 zərbəsi dirəkdən dönən ''Barselona''dan gedir. Yarımfinalçılar arasında bu turniri qazanmayan yeganə komanda statusunda olan PSJ 4 il öncəki uğuru təkrarlayıb finalda oynamaq istəyirsə, cavab görüşündə daha yaxşı bitiricilik nümayiş etdirməlidi.

Etiraf etmək lazımdı ki, ''Borussiya'' evdə və səfərdə iki fərqli komandadı. Evdə ''sarı divar'' və möhtəşəm fanatlar 12-ci oyunçu rolunu oynuyur. Təsadüfi deyil ki, ötən həftə ''arılar''ın ÇL-də evdəki məğlubiyyətsiz seriyası 11 oyuna yüksəldi (7 qələbə, 4 heç-heçə). Səfərdə isə durum tam fərqlidi. Komanda ÇL-də rəqib meydanlarında keçirdiyi son 11 qarşılaşmadan cəmi 1 qələbə və 9 məğlubiyyətlə ayrılıb. Həmin məğlubiyyətlərdən biri bu mövsümün qrup mərhələsinin ilk turunda məhz elə ''Park De Prens''də qeydə alınıb (0:2).

''Borussiya'' fanatlarının əsas ümidi müdafiə xətti ilə bağlıdı. Komanda bu mövsüm ÇL-də hamıdan çox – 5 oyunda qapısını toxunulmaz saxlayıb. 6-cı belə oyun Dortmund klubunu tarixində 3-cü dəfə ÇL-in finalına yüksəldəcək. Ötən həftədəki matçın ən yaxşısı seçilən təcrübəli Hummelsə bu dəfə də böyük yük düşəcək. PSJ indiyə qədər 9 dəfə avrokubokların pley-offuna səfər məğlubiyyəti ilə başlayıb və bunların 6-da mərhələni adlamağı bacarıb. Maraqlıdı ki, sonuncu belə hal məhz elə ''Borussiya'' ilə duelə təsadüf edib! 2019/20-də ÇL-in 1/8 finalında PSJ Dortmunddakı ilk oyunda 1:2 uduzsa da, evdə 2 cavabsız qolla qalib gəlmişdi. ''Borussiya'' isə indiyə qədər 20 dəfə pley-offa ev qələbəsi ilə başlayıb. Komanda bunların 17-də cavab matçında istəyinə çatsa da, son 2 belə durumda uğursuzluğa düçar olub. Bunlardan biri az öncə haqqında bəhs etdiyimiz PSJ ilə, digəri isə ötən mövsüm ÇL-in 1/8 finalında ''Çelsi'' ilə duelə (evdə 1:0, səfərdə 0:2) təsadüf edib.

Statistika “Real”ın xeyrinədi
Vinisiusun Münhendəki qəhrəmanlığı sayəsində ''Real'' bu mövsüm ÇL-də ilk məğlubiyyətdən qurtulmağı bacardı. Təbii ki, 2:2 cavab oyunu ərəfəsində ''Real''ın onsuz da yüksək olan şanslarını bir qədər də artırır. Karlo Ançelottinin komandası bu mövsüm ''Santyaqo Bernabeu''da keçirdiyi 22 rəsmi oyunun heç birində uduzmayıb (18 qələbə, 4 heç-heçə), üstəlik bütün mövsüm ərzində cəmi bir dəfə - noyabrda evdə  ''Rayo Valyekano''ya qarşı oyunda (0:0) qola həsrət qalıb. Amma istənilən halda ''Bavariya'' kimi rəqibə yuxarıdan aşağı baxmaq düzgün olmaz. Bunu ''Real''ın oyunçuları da gözəl başa düşür. ''Bavariya''nın itirəsi bir şeyi qalmayıb. Komanda bu mövsüm zatən qazanmaq iqtidarında olduğu titulları artıq əldən verib. Bu cütdə isə Münhen nəhəngi əvvəlcədən autsayder sayılırdı. Yaralı aslana bənzəyən Tomas Tuxelin komandası qazana biləcəyi son titulu əldən verməmək üçün dəridən-qabıqdan çıxacaq. ''Bavariya'' finala yüksəlmək üçün həm də 23 ildi davam edən seriyaya son qoyaraq ''Real''ı səfərdə məğlub etməlidi.

Belə ki, Münhen nəhəngi ''Bernabeu''da keçirdiyi son 7 qarşılaşmanın hamısında qələbəyə həsrət qalıb (1 heç-heçə, 6 məğlubiyyət)! Komandanın İspaniya paytaxtında son qələbəsi 2000/01-də ÇL-in yarımfinalında qeydə alınıb (1:0). Ümumiyyətlə, madridlilərin evdə Almaniya klublarına qarşı böyük üstünlüyü var. Komanda indiyə qədər öz meydanında bundesliqa təmsilçiləri ilə keçirdiyi 38 matçın yalnız 3-də məğlub olub, 27-də qələbə qazanıb. Həmin o “Bavariya”nın minimal hesablı qələbəsindən bəri “Real” evdə almanlara qarşı keçirdiyi 21 matçın yalnız 1-də uduzub (15 qələbə, 5 heç-heçə)! Yeganə uğursuzluq 2014/15-də ÇL-in 1/8 finalında “Şalke-04”ə qarşı cavab oyununda qeydə alınıb (3:4). ''Real'' ÇL-in yarımfinalında öz meydanında keçirdiyi son 10 qarşılaşmanın heç birində məğlub olmayıb (6 qələbə, 4 heç-heçə). Son məğlubiyyət 2010/11-də ''Barselona'' ilə oyunda qeydə alınıb (0:2).

Digər statistikalar da ''Bavariya'' üçün yaxşı heç nə vəd etmir. Belə ki, ''Real'' indiyə qədər avrokubokların pley-offuna 24 dəfə səfər heç-heçəsi ilə başlayıb və bunların 23-də (!) mərhələni adlayıb. Yeganə fiasko uzaq 1990/91-də ÇK-nın 1/4 finalında “Spartak” ilə dueldə qeydə alınıb. O vaxt “Lujniki”dəki ilk oyun qolsuz bərabərliklə bitəndən sonra Madrid nəhəngi evdə 1:3 uduzaraq hər kəsi şoka salmışdı. “Bavariya” isə indiyə qədər 11 dəfə avrokuboklara ev heç-heçəsi ilə başlayıb və bunların yalnız 3-də mərhələni adlayıb. Son belə uğur 2007/08-də UEFA kubokunun 1/4 finalında - “Xetafe” ilə dueldə qeydə alınıb (evdə 1:1, səfərdə 3:3). “Bavariya”nın cüzi də olsa, “yapışacağı” yerlər var. Məsələn, “Uembli”də keçirilən son finalın qalibi münhenlilər olub. Özü də 2013-dəki həmin finalda Dortmund “Borussiya”sı üzərində qələbə qazanılmışdı (2:1). İndi də final “Uembli”də olacaq və indi də “Borussiya”nın həmin oyuna vəsiqə qazanmaq şansı var.

Bundan başqa, “Bavariya” buna qədər yalnız bir dəfə pley-offa evdə ilk oyunda konkret 2:2-lik bərabərliklə başlayıb və həmin vaxt da mərhələni adlamağı bacarıb! Özü də bu hadisə 1995/96-da UEFA kubokunun yarımfinalında İspaniyanın digər nəhəngi“Barselona” ilə dueldə baş verib. Həmin vaxt “rekordmayster” “Nou Kampda”kı cavab oyununda 2:1 üstün olmuş və sonda həmin titula sahib çıxmışdı.

yarımfinal, cavab oyunları
7 may
PSJ – Borussiya D

Cəzalı: yoxdu
Hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 0:1.

8 may
Real – Bavariya

Cəzalı: yoxdu
Hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 2:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla