AZ

"Böyük Qayıdış"ın 2024-cü ilə aid ən böyük hədəfinə doğru gedirik...

Image

Azərbaycanın azad olunmuş kəndlərinə, qəsəbələrinə, şəhərlərinə qayıdış prosesinin şahidiyik. Bir zamanlar dünyanın gözləri qarşısında zorla, silah gücünə öz yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu gün ellikcə öz doğma yurdlarına qayıdırlar. Ərazilərimiz minalardan təmizləndikcə həmin yerlərdə tikinti-quruculuq işləri həyata keçirilir, evlər, binalar inşa olunur, infrastruktur qurulur, sonra isə keçmiş məcburi köçkünlərin geri qayıdışı baş verir.  

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

“Böyük Qayıdış” siyasəti dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir... 

“Böyük Qayıdış” proqramının həyata keçirilməsi istiqamətində atılan addımlar, bu çərçivədə görülən işlər ölkənin daha sürətli inkişafına təkan verməkdədir. Bu prosesin dövət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etdiyi məlumdur. Qarabağ və Şərqi Zəngəzur tikilir, qurulur, əhalisi qayıdır. 

Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.

30 ilə yaxın müddətdə doğma yurd-yuvasından ayrı düşən insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə qayıtması üçün genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri ilə yanaşı onlarınməşğulluğunun təminedilməsi, sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, keyfiyyətli səhiyyə və təhsil, zəruri rabitə infrastrukturu və digər xidmət sahələrinin yaradılması dövlətimiz tərəfindən bütün incəlikləri ilə nəzərə alınır.

İlin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır 

Azad ərazilərə vaxtaşırı olaraq köç karvanları yola salınır, müxtəlif rayonların sakinlərinin  geriqayıdışı təmin olunur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Xalq qəzeti"nə müsahibəsində bildirib ki, ilin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq. “Azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır. Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq” - deyə o bildirib.

Xatırladaq ki, “Böyük Qayıdış” prosesinə 2022-ci ildə start verildi və ilk köç Zəngilan rayonun Ağalı kəndinə oldu. 2023-cü ildə də qayıdış davam etgdirildi və biz keçən il də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin qayıdışı ilə bağlı bir çox hadisənin şahidi olduq. Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış Laçın, Füzuli, Tərtər rayonlarının da azad edilmiş kəndləri ilə davam etdirildi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən mətbuata bildirilirdi ki, təkcə 2023-cü ilin 11 ayı ərzində ümumilikdə 901 ailə, yəni 3 516 nəfər öz dədə-baba yurduna qaytarılıb.

2023-cü ildə Füzuli şəhərinə 308 ailə (1 106 nəfər), Laçın şəhərinə 363 ailə (1 389 nəfər), Zəngilan rayonu Ağalı kəndinə 109 ailə (545 nəfər), Laçının Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb.

44 günlük Vətən müharibəsinin bitməsindən 2023-cü ilin dekabrına qədər isə işğaldan azad olunmuş ərazilərə ümumilikdə 987 ailə (3 932 nəfər) köçürülüb. 2023-cü ilin sonunadək əlavə olaraq 215 ailənin də doğma yurduna qaytarılıb.

Rəsmi məlumata görə, 2026-cı ilədək 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub.

2024-cü ilin aprel ayında keçmiş məcburi köçkünlər əsasən Laçına və Füzuliyə köçürülüblər.

Məsələn, aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan Laçın rayonuna köç karvanı yola salınıb, Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimatı olub.  Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə 2 ailə - 4 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Prezident İlham Əliyevin tapşırığı əsasında, tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Bununla əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir.

İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur.

Bu ilin sonuna qədər 20 minə qədər keçmiş məcburi köçkünün öz yurd-yuvalarına qayıtması mühüm bir tarixi hadisədir. İşğaldan azad edilmiş ərazilərin sakinlərinin geri qayıdışı hər şeydən əvvəl tarixi ədalətin bərpasıdır. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
22
Mənbələr
Şərh ()
Bağla