AZ

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxasının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Ulu Öndərin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərinə toxunan akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli dövlət xadimi hələ sovet dövründə xalqımızı Azərbaycanın gələcək müstəqilliyinə hazırlayıb. Sonrakı illərdə isə Azərbaycan xalqının, dövlət müstəqilliyimizin xilaskarına çevrilib. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olub.

Akademik qeyd edib ki, Ulu Öndərin genişmiqyaslı fəaliyyəti sistemli şəkildə tədqiq edilərək 40-dan çox fundamental monoqrafiya ərsəyə gətirilib və bununla da alimlər Heydər Əliyevşünaslığın elmi əsaslarını ortaya qoyublar.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə Ulu Öndər Heydər Əliyevin həyatı və zəngin irsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev istər sovet dövründə, istərsə də, müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daim milli-mənəvi dəyərlərimizi yüksək tutub.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə “Heydər Əliyev: müasir Azərbaycanın suveren inkişaf strategiyası”, elmi işlər üzrə direktor müavini Eynulla Mədətli “Heydər Əliyevin dövlətçilik siyasəti və siyasi varislik” mövzularında məruzə ediblər. Həmçinin institutu əməkdaşlarının “Prezident İlham Əliyevin yeni milli ideya təşəbbüsü: cari və perspektiv çağırışlar”, “Heydər Əliyevin ideyaları və müasir dövrdə dialoq fəlsəfəsi”, “Ali Baş Komandan İlham Əliyevin milli ideya konsepsiyasında yeni missiya”, “Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ideoloji aspektləri” mövzularında məruzələri dinlənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
Mənbələr
Şərh ()
Bağla