AZ

ABŞ-nın Azərbaycana qarşı İranla birlikdə qurduğu təxribat planı

Müəllif: Elvin Səxavətoğlu

Hazırda dağılan dünya nizamı fonunda Qərb dövlətləri, xüsusilə ABŞ yeni bölgələrdə təsir gücü formalaşdırmağa çalışırlar.

Təbii ki, yeni dövlətləri nəzarət altına almaq üçün onların daxilində təşkilatlanmaq, müxtəlif təbəqələrdən olan insanlarla əməkdaşlıq etmək mütləqdir. ABŞ da öz təxribatçı niyyətlərini həyata keçirmək üçün dövlətlərin daxilində istənilən siyasi qüvvə ilə əməkdaşlıq etməyə cəhd göstərir.

Azərbaycanla bağlı da bu mövqe keçərlidir.

ABŞ Azərbaycanda da təsir dairəsi formalaşdırmağa cəhdlər edib və hazırda da edir. 

Məsələn, öz niyyətinə Qərbdən maliyyələşən QHT-lər, media və hətta düşmən hesab etdiyi İranmeyilli şəxslər vasitəsi ilə çatmaq istəyib.

Hər üç cəhdi də boşa çıxmaqdadır. 

Düzdür, ABŞ-ın Qərbin dəstəklədiyi QHT-lər və media ilə əməkdaşlığı təəccüblü deyil. Amma İranmeyilli qruplarla əməkdaşlıq cəhdləri təəccüb doğurur. Çünki ABŞ İranı əsas düşmənlərindən biri hesab edir. 

Bu əməkdaşlığa işarə edəcək məqamlar hansılardır?

ABŞ artıq neçənci dəfədir Azərbaycanda İran agenturasının ifşa olunmuş nümayəndələrinin həbsini "dini azadlığın pozulması" kimi təqdim edir. ABŞ-ın Dini Azadlıq Komissiyası ötən günlərdə də Azərbaycana qarşı hazırladığı qərəz dolu hesabatda bu məqama xüsusilə diqqət yetirib. 

Vaşinqton hesabatlarında "Müsəlman Birliyi Hərəkatı"nı açıq şəkildə müdafiə edir.  

Görünən odur ki, ABŞ Azərbaycanda təsir dairəsi formalaşdırmaq və qarışıqlıq yaratmaq üçün İran, həmçinin Tehranın ölkəmizdəki əlaltıları ilə əməkdaşlıqda maraqlıdır.

Faktlar sübut edir ki, ABŞ Yaxın Şərqdə həyata keçirdiyi hərbi-siyasi kampaniyalarda da dini qrupların mövqeyindən gen-bol yararlanıb. Xüsusilə ABŞ İraqı işğal edərkən,  şiə və kürd qruplardan ciddi dəstək alıb.  

Azərbaycanda isə bu hədəfinə çata bilmədi. Ona görə də İranmeyilli şəxslərin həbs olunmasını qəbul edə bilmir.

Bu qərəzli bəyanatların kökündə də yuxarıda sadalanan məqamlar dayanır. Yəni hər hansı dini azadlığın pozulmasından söhbət getmir.

Azərbaycanda bütün dinlərə və millətlərə hörmətlə yanaşılır. Müsəlmanlar, xristianlar, yahudilər mehriban dostluq şəraitində yaşayır. Bu günlərdə Azərbaycanda Pasxa bayramını qeyd edən pravoslavların sosial şəbəkələrdə yayılan görüntüləri buna sübutdur. Həmin görüntülərdə pravoslavlar maneəsiz şəkildə, şən abu-havada öz dini bayramlarını qeyd edirlər. ABŞ və digər Qərb təşkilatları isə bu tolerantliq mühitini görmür, xarici dövlətlərin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən şəxslərin həbsini "dini azadlığın pozulması" kimi təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla