AZ

Kazemiro cari mövsümün ən bərbad antirekorduna imza atdı

Premyer Liqanın 36-cı tur “Kristal Pelas”la oyunu “Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro üçün xoşagəlməz olub.

Arena.az məlumat verir ki, “qartallar”ın “qırmızı şeytanlar”ı 4:0 hesabı ilə didişdirdiyi bu oyunda “Kristal Pelas” futbolçuları Kazemironu 8 dəfə dolayıb girinc ediblər ki, bu da cari mövsümdə İngiltərə Premyer Liqasının antirekordudur.

Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kazemiro “Mançester Yunayted”in heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, “qırmızı şeytanlar”ın azarkeşləri braziliyalı futbolçunun çıxışından elə də məmnun deyillər və zaman-zaman onun ünvanına tənqidi fikirlər səsləndirirlər.

Kazemironun “Mançester Yunayted” karyerası ümumilikdə 80 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la ötən mövsüm İngiltərə Liqa Kubokunun qalibi olub.

Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla