AZ

“Yeni qanun hakimiyyəti əldə saxlamaq üçündür” – Seçkidən sonra Rusiya xətti güclənəcək

“Avropa ilə yola davam etmək üçün Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Rusiya ilə münasibətdə istəklərindən əl çəkərək, xalqın səsinə qulaq asmalı və hazırda parlamentdə təsdiq etməyə çalışdığı “Xarici agentlər” haqqında qanunu geri çevirməlidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Gürcüstanda baş verən son proseslər və ABŞ ilə Rusiyanın nüfuz mübarizəsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu qanun ikinci dəfədir ki, irəli sürülür:
“Ötən il Bidzina İvanişvili genişmiqyaslı etirazların önündə geri çəkilərək qanunun qəbul edilməsini təxirə saldı. Bu il isə hakimiyyətin geri çəkilmək fikri yoxdur. Gürcü xalqı yenə də küçələrdədir, lakin “Gürcü arzusu” partiyasını fikrindən döndərmək üçün yetərli gücləri yoxdur. Digər tərəfdən hazırkı hakimiyyət ötən ilki etirazlarla müqayisədə bu il daha təcrübəlidir.
Bir ildir ki, Tiflis bu qanunun təsdiq olunması üçün hazırlıq işi aparır. Bdzina və onun komandası “Xarici agentlər” haqqında qanunun təsdiq olunmasında həm də ona görə israrlıdır ki, oktyabr seçkilərində qalib gəlmək üçün bu qanuna ciddi ehtiyacı var.
Proqnozlaşdırıldığı kimi, qanunun qəbul olunması QHT-lərin xaricdən maliyyələşdirilməsinə ciddi təsir göstərəcək. Bu da öz növbəsində müxalif qüvvələrin qalib gəlmək üçün lazım olan səviyyədə seçki kampaniyası aparmayacaqlarına gətirib çıxaracaq. Bu qanunun qəbul edilməsinin motivləri barədə çox mülahizələr səsləndirilsə də, düşünürəm ki, indiki Gürcüstan hakimiyyətini narahat edən əsas məsələ seçkidə qalib gəlmək məsələsidir. Qanunun qəbul edilməsi də ilk növbədə hakimiyyəti əldə saxlamaq məqsədi güdür”.

Əlimusa İbrahimov
Ekspert deyib ki, seçkilərdə hansı siyasi qüvvənin favorit olacağını indidən söyləmək olduqca çətin olsa da “Xarici agentlər” haqqında qanununun qəbul olunacağına heç bir şübhə yoxdur:
“Hakimiyyət kütlələrin ciddi etirazlarına baxmayaraq qanun parlamentdən və Konstitusiya Məhkəməsindən keçiriləcək. Etiraz nümayişləri və mitinqlər bir qayda olaraq hakimiyyətin ciddi təzyiqi nəticəsində müəyyən müddətdən sonra qüvvəsini və intensivliyini itirəcək.
Qanun qəbul edildikdən sonra Bidzina İvanişvili və onun komandasının oktyabrda baş tutacaq parlament seçkisində növbəti qələbəyə olan ümidləri möhkəmlənəcək. Bu halda “Gürcü arzusu” yenidən hökuməti formalaşdırmaq imkanı qazanacaq. Yeni hökumət böyük ehtimalla geosiyasi və geostrateji məsələlərdə Rusiyanın xeyrinə istiqaməti dəyişəcək. Bu vaxta qədər haqqında söhbət gedən qanunun parlamentdən keçirilməsinə cavab olaraq Avropa İttifaqı və ABŞ Gürcüstanı artıq əlində olan vasitə və imkanlarla cəzalandırmış olacaq. Bu da öz növbəsində imkan verəcək ki, yeni yaradılmış hökumət Brüssel və Vaşinqtonu xalqa düşmən obrazında təqdim etsin.
Gürcüstanın yenidən Rusiya ilə yaxınlaşmasından ən çox ziyan çəkən Ermənistan olacaq. Çünki və Paşinyan hökuməti ABŞ və Avropa ilə yaxınlaşmanı Gürcüstanın rolu olmadan təsəvvür etmir. Tbilisi Rusiyanın təsiri altında Ermənistanın Rusiya və Avropaya gedən yollarının bağlaması ermənilərin işıqlı gələcəyə bəslədikləri bütün ümidlərini də puça çıxaracaq. Paşinyan Rusiya, KTMT və Putinə qarşı demarşlarının əsl dəyərini onda alacaq. Bəziləri belə vəziyyət yaranarsa Paşinyanın da Rusiyanın təzyiqi ilə hakimiyyətdən gedəcəyini düşünürlər. Amma hesab edirəm ki, hakimiyyətdən uzaqlaşdırılmaq Paşinyan üçün Kremlin hazırladığı ən yüngül cəza olardı. Putin əvvəlcə baş nazirin Rusiyanın əleyhinə səsləndirdiyi fikirləri geri oxutduracaq, özünü isə siyasi meyitə çevirəcək”.
Ə.İbrahimov deyib ki, Azərbaycan isə Rusiya ilə əvvəlki münasibətləri saxlamaqla Türkiyə, Qərb və ABŞ-la əlaqələrini davam etdirəcək:
“Gürcüstan və Ermənistanın Rusiyanın qapazı altına düşməsi Azərbaycanın Brüssel və Vaşinqtonun yanında geostrateji dəyərini daha da artıracaq. Onlar bir daha əmin olacaqlar ki, Cənubi Qafqazın açar ölkəsi elə Azərbaycandır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla