AZ

Sülh gündəliyi Almatı görüşünün əsas müzakirə mövzusu olacaq — AÇIQLAMA

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması müzakirə olunacaq. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər də daxil edilib.

Görüşlə bağlı proqnozlarını açıqlayan politoloq Turab Rzayev Demokrat.az-a bildirib ki, böyük ehtimalla müzakirə mövzusu sülh gündəliyi olacaq:

“Bu istiqamətdə həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi uzun müddətdir ki, çalışır. Tərəflərin ikilikdə qarşılıqlı olaraq bir-biri ilə dil tapması, artıq ikili formatda görüşlərin keçirilməsi və nəticələr əldə olması, xüsusilə dörd kəndin qaytarılması göstərir ki, məsələni daha rahat şəkildə həll etmək mümkündür. Almatıda sülh müqaviləsi imzalanmasa belə, sülh prosesi üçün irəliləyiş əldə olunacağını düşünürəm. Eyni zamanda Azərbaycanın önəm verdiyi digər bir məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan özü də bilir ki, Azərbaycan və Türkiyə olmasa, onun iqtisadi cəhətdən inkişaf etməsi mümkün deyil. Dəfələrlə Paşinyan özü də bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyəyə daha çox ehtiyacı var, nəinki Azərbaycan və Tükiyənin Ermənistana. Güman ki ticarət əlaqələrinin bərpa olunması barəsində də müzakirə aparılacaq. Xatırladım ki, daha əvvəl qarşılıqlı nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı razılıq əldə edilib”. 

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla