AZ

Başağrı – TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 38 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə A qrupunun komandalarını nəzərdən keçiririk. Meydan sahibi Almaniyanın bu qrupdakı əsas rəqibi İsveçrə millisidir.

Sülhsevərlərin sülh sevgisi
Neytrallıq təcəssümü olan İsveçrənin özü kimi milli komandası da sülhsevərdir. Elə AVRO-2024-ün seçmə mərhələsi də bunu göstərib. Rumıniya, İsrail, Belarus, Kosovo və Andorra ilə eyni qrupda mübarizə aparan Murat Yakının yetirmələri 10 matçın 5-də heç-heçə edib. Bu xal itkiləri komandanı Rumıniyadan sonra ikinci yeri tutmaqla nəticələnib. Almaniyaya birbaşa vəsiqə qazanan yığma ardıcıl 3-cü, tarixində 6-cı dəfə qitə çempionatında oynayacaq. İsveçrə millisinin heç-heçə sevgisindən danışarkən onların son illərdə tez-tez penaltilər seriyasında bəxtini sınaması da göz önünə gəlir.

Milliləşmə ilə inkişaf
Onilliklər boyu İsveçrə millisi ciddi rəqib qəbul olunmayıb. Ötən əsrin 90-cı illərində final mərhələlərinə yolu açılan komanda müxtəlif tanınmış baş məşqçilərin rəhbərliyi altında çıxış edib. Əsas uğurlar isə Vladimir Petkoviçin təyinatından sonra əldə olunub. Bosniya və herseqovinalı mütəxəssis Braziliya, Albaniya və Afrikadan olan legionerləri milliləşdirilməsini istəməklə döyüşkən kollektiv formalaşdırıb. Onların əhatəsində isveçrəli oyunçular Yan Zommer, Cerdan Şakiri, Qranit Caka kimi ulduzların yetişməsi də özünü gözlətməyib. Millinin hazırkı lideri də məhz sonuncudur. Yığmadakı oyun sayında rekordçu olan Caka “Bayer”lə Almaniya çempionu adını qazandıqdan sonra yaxşı tanıdığı ölkədə millisini uğura doğru daşıyacaq.

Bəla və başağrı
Artıq İsveçrənin dünya nəhəngləri üçün asan yem olduğu illər keçmişdə qalıb. Hazırda heç bir yığma mərkəzi avropalılarla görüşə rahat çıxa bilmir. Düzdür, DÇ-2022-də Portuqaliya 6:1 hesablı qələbəyə sevinib. Amma belə hadisəyə nadir təsadüf olunur. Hamı üçün başağrıya çevrilən yığmanın son illərdə Fransa və İtaliyaya vurduğu zərbələr hələ unudulmayıb. AVRO-2020-yə dünya çempionu qismində qatılan fransalılar 1/8 finalda İsveçrə səddinə ilişib. İtaliya isə DÇ-2022-nin seçmə mərhələsində bu rəqibdən geri qalaraq mundial ümidini play-offa saxlayıb ki, oradakı uğursuzluq ardıcıl ikinci dəfə planetin ən böyük yarışından kənar qalıb. Amma bunların hamısı heç-heçələrlə gerçəkləşib. Fransa sonradan penaltilər seriyasında məğlub edilib, İtaliya ilə sülhlərdən sonra qrupda ikinci olub. Amma oyunsonrası “lotereya” İsveçrənin özü üçün də bəlaya çevrilib. AVRO-2016-da Polşa, AVRO-2020-də İspaniyaya məğlubiyyətlər buna misaldır. İsveçrə qitə çempionatında qrupdan çıxanda həmişə penaltilərlə uduzub.

İsveçrə millisinin qrupdakı oyunları
15 iyun. Macarıstan – İsveçrə
19 iyun. Şotlandiya – İsveçrə
23 iyun. İsveçrə - Almaniya

Qeyd edək ki, A qrupunun görüşləri Münhen, Köln, Ştutqart və Frankfurtda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla